Prezidentin ehtiyat fondu korrupsiya layihələrinə yem olur - Rövşən Hacıbəyli

Prezidentin ehtiyat fondu korrupsiya layihələrinə yem olur - Rövşən Hacıbəyli
31 Oktyabr 2018
Mətni dəyiş

Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchiz olunmasında və ölkənin elektrik enerjisi sistemində xüsusi yer tutan “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə verilib.

Sənədlə “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə (ASC) nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48 milyon manat ayrılıb.

Sərəncamda dolaşıq məqam var; anlaşılmır ki, bu pul İstilik Elektrik Stansiyasında və yarımstansiyalarda əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə xərclənəcək, yoxsa “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nizamnamə kapitalının artırılması üçün. Sərəncamdakı “ilkin olaraq” sözü isə o deməkdir ki, hələ dalı var, özünüzü yaxşı aparsaz, pulu yaxşı xərcləsəz, yenə ayırmalar olacaq.

Yadınızdadırsa, yadınızda olar, bu il iyulun 3-də Mingəçevirdə baş verən qəza nəticəsində ölkə qaranlığa büründü. YAP idarəçiliyinin hansı durumda olması bir qəza ilə özünü çılpaqlığıyla göstərdi. Analoqsuz inkişaf edən ölkənin taleyinin bir tükdən – bir qəzadan asılı olduğu gerçəkliyi ortaya çıxdı. Təcili müşavirə çağırıldı və… günahkar tapılmadı. İlham Əliyev “Azərenerji” prezidentinə çox  ciddi irad tutub “utanmalısan” dedi. O da getdi utanmağının dalınca. Yalnız bu müşavirədən 2 ay sonra, sentyabrın 4-də prezident Etibar Pirverdiyevi utanmaqdan xilas edib işdən çıxardı. Əslində, müşavirədə çıxış edən baş prokuror Zakir Qaralovun qəza ilə bağlı təqdim etdiyi ilkin rəy Pirverdiyevin elə müşavirədəcə işdən çıxarılmasımna əsas verirdi:

“Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birgə əmr imzalamaqla istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda istintaq-əməliyyat qrupu hadisə yerində təxirəsalınmaz tədbirlər həyata keçirir. Hadisə yerinə baxış keçirilib, müvafiq sənədlər götürülüb və artıq hadisənin başvermə səbəbləri ilə bağlı dindirmələrə başlanılıb.

İclasdan əvvəl mənə verilən ilkin məlumata görə, həmin stansiyada generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olub. Vaxtilə 1994-cü ildə müvafiq layihə işlənilib, Mingəçevir su anbarının altından kanalın çəkilməsi nəzərdə tutulurdu. Həmin məsələ icra olunmayıb. Belə bir halda gərginlik azalmaqla cərəyan artıb.

Digər vacib məsələ, qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmayıb. Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər. Belə ki, 2012-ci il sentyabrın 28-də ildırım vurması nəticəsində zədələnmiş hava açarı müasir eleqaz tipli açarla əvəz olunsa da, onun mühafizə dövriyyəsindəki cərəyan transformatoru yenisi ilə əvəz olunmayıb və təmir işləri aparılmayıb. Nəticədə cərəyan transformatorunun gövdəsindəki yağın analizi aparılmayıb, turşululuğu, nəmliyi, deşilmə gərginliyi və tangensi yoxlanılmayıb. Bununla da qəza vaxtı cərəyan transformatorunun izolyasiyası normadan aşağı olduğuna görə zədələnib.

Eyni zamanda, son 3 ildə Fövqəladə Hallar Nazirliyindən həm “Azərenerji”nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq tələbnamədə tələb olunurdu ki, orada həm yağ sızması mövcuddur, eyni zamanda, kabellərin odadavamlı izolyasiyası təmin olunmamış, ümumiyyətlə, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmamış və 6 mazut çəninin su ilə soyutma sistemi ümumiyyətlə quraşdırılmayıb.

Dəfələrlə hər il bu məsələ qaldırılır, 6 mazut çənində su ilə soyutma sistemi quraşdırılmayıb. Bütün bunlar qəzaya gətirib çıxarıb. Mütəxəssislərin fikri ondan ibarətdir ki, “Azərenerji” rele mühafizə xidmətini ölkə üzrə tam axıra qədər icra etməyib”.

Mingəçevirdəki qəza ilə bağlı başlanmış cinayət işinin istintaqı hələ davam edir. Kimsənin həbsi gözlənilmir. Bu da yeni rəhbərliyə ayrılacaq 48 milyonu rahatca xərcləməyə imkan verir; təyinatı üzrə…

Rövşən Hacıbəyıli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun