Müsavatçı fəala narkotik ittihamı irəli sürülüb

Müsavatçı fəala narkotik ittihamı irəli sürülüb
15 Oktyabr 2018
Mətni dəyiş

Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü Azad Həsənova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Bu barədə vəkil Osman Kazımov bildirib.

Onun sözlərinə görə, oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

İttiham məhkəmədə sübut olunarsa Azad Həsənovu əmlakı müsadirə edilməklə 5 ildən 12 ilədək həbs gözləyir. Vəkil əlavə edib ki, o, hazırda Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azad Həsənovla görüşmək üçün istintaq orqanından icazə məktubu almağa çalışır.

Azad Həsənov oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib. Ailə üzvlərinin dediyinə görə o sərhədi problemsiz keçib, günortaya qədər atasıyla bir yerdə olub.

Sonra özlərini polis kiimi təqdim edən mülki geyimli şəxslər Həsənovu zorla avtomobilə oturdaraq qeyri-müəyyən istiqamətə aparıb.

Müsavat Partiyasının mətbuat xidməti Azad Həsənova qarşı ittihamın uydurma olduğunu bildirir.

“Ömründə siqaret belə çəkməyən Azad Həsənovun külli miqdarda narkotik maddə gəzdirmədə ittiham ediblər. Özü də xaricdən təyyarə ilə ölkəkəyə gəldiyi gün. Həbsi göz altına alaraq xəstə atasını görmək üçün ölkəyə qayıdan siyasi mühacir cibində narkotik gəzdirərmi? Bu ittihamı irəli sürmək absurddur və mənəviyyatsızlıqdır”, – Müsavatın mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd edək ki, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından ailəsi ilə birgə mühacirətdədir, 2016-cı ilin yanvar ayından Litvada siyasi sığınacaq alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun