"Hökumət benzinin qiymətini yenə qaldırmağa hazırlaşır"

"Hökumət benzinin qiymətini yenə qaldırmağa hazırlaşır"
24 Oktyabr 2018
Mətni dəyiş

"Bakı neft emalı zavodunda planlaşdırılmış profilaktika ilə əlaqədar işlərin müvəqqəti olaraq dayandırılması yenidən diqqəti neft məhsullarının qiymətinə cəlb edib. Artıq A-92 markalı benzinin də xaricdən idxal olunmasına hazırlıq başlayıb".

Bu fikirləri iqtisadçı ekspert Qubad İbadoğlu açıqlayıb. Ekspert deyir ki, benzinin qiymətlərində yenidən artım gözlənilir. Onun sözlərinə görə, yeni standart yeni qiymətə hazırlığın anonsudur.

"Belə ki, "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə dəyişikliklər edilməsi haqqında qərar qəbul edib. Ölkəyə idxal edilən Aİ-92 markalı benzin 15 faizlik gömrük rüsumundan azad edilib və bu markalı benzin üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib. Hər iki qərar oktyabrın 1-dən qüvvəyə minib və bu ilin son 3 ayında tətbiq olunacaq".

[caption id="attachment_39913" align="aligncenter" width="1280"] Qubad İbadoğlu[/caption]

İqtisadçının sözlərinə görə, bununla yanaşı, Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində çıxış edən prezident Əliyev Bakı neft emalı zavodunda Avro-5 standartlarına uyğun benzin istehsalının anonsunu verib.

Qiymət artımını şərtləndirən başqa bir arqument

"Göründüyü kimi, bütün hazırlıqlar neft məhsullarının, o sıradan da benzinin, mazutun, dizel yanacağının və sürtgü materiallarının yeni qiymətinin əsaslandırılmasına hesablanıb. Əvvəlcə, rüsum və aksizləri ləğv edib, idxal benzinin qiymətini regional qiymətlərlə tarazlaşdırmaq yolunu seçən hökumətin sonradan həmin qiyməti yeni AzEuro standart benzin və digər neft məhsullarına tətbiq edəcəyi gözlənilir".

Q.İbadoğlu deyir ki, qiymət artımını şərtləndirən başqa bir arqument ölkəyə gətirilən avtomobillərin sayında müşahidə olunan artımdır. Böyük ehtimalla, istehlakçılar yanacaq məhsullarının yeni qiymətləri sürprizi ilə ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində qarşılacaqlar.

Xatırlatma

Sonuncu dəfə bu ilin avqust ayında “Aİ-95” markalı benzinin litri 1 manat 50 qəpiyə yüksəlib. Həmin markalı benzin bundan əvvəl 1 manat 25 qəpiyə satılırdı.

“Aİ-98” super markalı benzinin bir litrinin isə 1 manat 60 qəpiyə qaldırıldığı bildirilir. Bu markalı benizin isə bundan öncə 1 manat 50 qəpiyə idi.

Azərbaycanda ən çox istifadə edilən “ Aİ-92” markalı benzinin qiyməti isə 2017-ci ilin iyul ayında 70 qəpikdən 90 qəpiyə qaldırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun