Güney təşkilatlarından müəllim və işçi aksiyalarına dəstək

Güney təşkilatlarından müəllim və işçi aksiyalarına dəstək
21 Oktyabr 2018
Mətni dəyiş

Türk fəallar və ‘Güney Azərbaycan Milli Hərəkatına’ mənsub siyasi təşkilatlar son həftələrdə İranda ardıcıl şəkildə tətil keçirən müxtəlif işçi siniflərin etirazına dəstək bildirirlər.

İranın müxtəlif bölgələri, o cümlədən İran Azərbaycanında yük maşını sürücüləri və bazarların tətil keçirməsi ardından tələbləri yerinə yetirilməyən müəllimlər də tətil aksiyası başladıb.

İran Azərbaycanında fəaliyyət göstərən hüquq müdafiəçiləri və türk fəallar sosial şəbəkələr vasitəsilə xüsusilə müəllimlərin etirazına dəstək bildirirlər.

Həmçinin Avropa və Türkiyədə qərargahlanan “Güney Azərbaycan Milli Hərəkatına” mənsub bir neçə təşkilat birgə bəyanat yayaraq “məişətini təmin edə bilməyən işçi siniflərinin” mücadiləsinə dəstək verdiklərini açıqlayıblar.

Bəyanatda iqtisadi böhranın ən çox qeyri-fars icmalara zərər verdiyi vurğulanıb.

“İran hakimiyyəti qeyri-fars millətlərə istibdaddan əlavə müstəmləkəçilik də gətirib. Bu millətlər hər zaman ikiqat ayrı-seçkiliyə məruz qalıb və yeraltı xəzinələri yağma edilmişdir. Müstəmləkəçi siyasətlər nəticəsində türk milləti yoxsulluq, işsizlik və getdikcə artan mühacirətdən ən ağır xəsarəti almışdır,” deyə “Demokrat”, “Birlik”, DAK və “Dirəniş” kimi təşkilatların imzaladığı birgə bəyanatda dərc edilib.

İran Azərbaycanında tətil keçirən müəllimlər iqtisadi problemlərdən əlavə türk dilində təhsil tələbini də gündəmə gətirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun