Çin qazaxları Almaniya kanslerindən kömək istədilər

Çin qazaxları Almaniya kanslerindən kömək istədilər
5 Oktyabr 2018
Mətni dəyiş

Çindən olan onlarca əslən etnik qazax qohumlarının Çində “tərbiyə düşərgələri” deyilən saxlama məntəqələrindən azad edilməsi üçün Almaniya kanslerinə müraciət edib.

Çindən Qazaxıstana pənah gətirmiş etnik qazaxlar oktyabrın 4-də Almatıdakı Almaniya konsulluğunun qarşısına toplaşmışdılar. Onlar Angela Merkelə ünvanlanmış petisiyanı konsulluğa təqdim ediblər.

BMT rəsmiləri avqust ayında bildirmişdilər ki, təxminən 1 milyon uyqur Çindəki “antitrerror mərkəzlərində” saxlanır və milyonlarla insan “tərbiyə düşərgələrinə” salınıb.

BMT agentliyi bildirir ki, ölkənin şimal-qərbindəki Sinzyan vilayəti, belə demək mümkündürsə, “kütləvi saxlama düşərgəsinə” çevrilib.

Çindən olan etnik qazaxlar mətbuat konfransında deyiblər ki, onların qohumları əsasən Sinzyan vilayətinə və ya oradan səfər edərkən saxlanıblar. Bu bölgə Qazaxıstanla həmsərhəddir.

Onlar konsulluğun qarşısına saxlanmış ailə üzvlərinin və qohumlarının portretləri ilə gəlmişdilər. Onlardan bəziləri sözü gedən düşərgələrdə artıq iki ildir ki, saxlanır. Keçmişdə Çin qazaxları haqlarının müdafiəsi üçün Qazaxıstan hakimiyyyət orqanlarına, başqa hökumətlərə və beynəlxalq təşkilatlara müraciət ediblər.

Ötən avqust ayında Almatı məhkəməsi əslən Çindən olan etnik qazax vətəndaşın ekstradisiyasından imtina edib. O Çində sərhədin qanunsuz keçilməsi ilə bağlı axtarışda idi.

Həmin qadın məhkəmədəki ifadəsində demişdi ki, Çinin hakimiyyət orqanları ona “siyasi təlim” verilməsi üçün onu “tərbiyə düşərgəsinə” salıb.

Qadın habelə bildirirdi ki, o Çin dövlətinin Sinzyan vilayətindən olan türkdilli uyqur, qazax və qırğızların “təkrar tərbiyələndirilməsi” üçün proqramının olduğu barədə məxfi sənədlərlə tanışdır.

Uyqurlar Sinzyan əyalətində ən çoxsaylı türkdilli xalqdır. Etnik qazaxlar sayca ikinci yerdədir.

Çin hökuməti etnik azlıqlara qarşı repressiayalara dair iddiaları bir qayda olaraq rədd edir.

Pekin bildirir ki, Sinzyan vilayətindən İslam terrorizmi və separatçılıq təhlükəsi qaynaqlanır.

Angela Merkel bundan əvvəl insan haqları məsələsi ilə bağlı Çin hökumətinə təzyiqlər göstərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun