Şahvələd Çobanoğlu Baş Prokurorluğu məhkəməyə verib

Şahvələd Çobanoğlu Baş Prokurorluğu məhkəməyə verib
7 Sentyabr 2018
Mətni dəyiş

Ölkədən çıxışına qadağa qoyulan jurnalist Şahvələd Çobanoğlu məhkəməyə müraciət edib.

Bu haqda «Turan» agentliyinə jurnalistin vəkilləri məlumat veriblər. Onların deməsinə görə, Ş.Çobanoğlu son 2-3 ildə «Azadlıq» qəzeti, həbsdəki jurnalist Əfqan Muxtarlı və başqa işlərlə bağlı Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. Jurnalist avqustun 14-də Azərbaycandan Rusiyaya keçmək istəyərkən saxlanıb. Xaçmaz rayonundakı Şirvanovka buraxılış məntəqəsində 1 saata yaxın saxlanan jurnalisti sərhədçilər geri qaytarıblar. Jurnalistin deməsinə görə, ona bildirilib ki, ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən qadağa qoyub.

Ş.Çobanoğlunun vəkilləri hesab edir ki, onun ölkədən çıxışına qoyulmuş qadağa qanunsuzdur. Məhkəməyə şikayətdə bildirilir ki, Azərbaycanda ölkədən getmək qaydaları «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Qanunla tənzimlənir. Həmin qanunda ölkədən çıxışa yasaq qoyulmasının əsasları sadalanıb.

«Ş.Çobanoğlu prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Qanun şahid qismində dindirilmiş şəxslərin ölkədən çıxışına qadağa qoyulmasına imkan vermir», - jurnalistin vəkilləri məhkəməyə müraciətlərində qeyd ediblər.

Jurnalistin Baş Prokurorluğa qarşı şikayəti artıq Nəsimi Rayon Məhkəməsində icraata qəbul edilib. İlk məhkəmə iclası sentyabrın 5-nə təyin edilsə də, prokurorluğun nümayəndəsi gəlmədiyindən təxirə salınıb. Məhkəmə sentyabrın 11-də keçiriləcək.

Ş.Çobanoğlunun şikayətinə Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Ş.Çobanoğlu tənqidçi jurnalistdir. Müxtəlif vaxtlarda «7 gün», «Azərbaycan» qəzetlərinin müxbiri, «Hürriyyət», «Günaydın» qəzetlərinin baş redaktoru işləyib və başqa media orqanlarında çalışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun