ABŞ-da qripdən 80,000 adam ölüb

ABŞ-da qripdən 80,000 adam ölüb
29 Sentyabr 2018
Mətni dəyiş

Ötən qış qrip və onun fəsadları nəticəsində ABŞ-da təxminən 80 min nəfər dünyasını dəyişib. Bu, azı son qırx ilin ən yüksək göstəricisidir.

Bu məlumatı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru Dr. Robert Redfild çərşənbə axşamı Associated Press-ə verdiyi müsahibədə açıqlayıb.

Qrip üzrə mütəxəssislər ötən ilki qrip mövsümünün çox pis olduğunu bilsə də, onlardan azı biri üçün bu göstərici təəccüb doğurub.

“Bu, çox böyük rəqəmdir”, deyə Vanderbilt Universitetinin vaksin üzrə eksperti Dr. Uilyam Şaffner bildirib.

CDC-in verdiyi məlumata görə, son illərdə qrip səbəbilə ölən insanların sayı 12 min ilə 56 min arasında dəyişib.

Ötən payız və qışda ABŞ-da son illərin ən kəskin qrip mövsümü yaşanıb. Həmin qrip nəticəsində daha çox insan xəstəxanaya yerləşdirilib və həyatını itirib, əsasən də yaşlılar və uşaqlar arasında.

Qrip mövsümünün piki fevral ayının başından mart ayının sonunadək davam edib.

Bu mövsümün pis cəhəti, qripə qarşı vaksinin yaxşı işləməməsi olub. Amma ekspertlər yenə də deyir ki, vaksin vurdurmağa dəyər, çünki o, xəstəliyi yüngülləşdirir və həyat qurtarır.

CDC rəsmiləri hər il qripdən nə qədər insanın öldüyünü dəqiq bilmir. Qrip o qədər geniş yayılıb ki, bütün hallar bildirilmir və səbəb olaraq ölüm şəhadətnamələrində qeyd edilmir. Buna görə də, CDC təxminlər üçün periodik şəkildə yenilənən statistik modellərdən istifadə edir.

Qripin ölümlə nəticələnməsinə səbəb pnevmoniya, insult, ürək tutması olur.

CDC rəsmiləri 80 minin ilkin göstərici olduğunu və bu rəqəmin dəyişə biləcəyini deyib. Amma onlar bu göstəricinin azalacağını gözləmir.

Ancaq ötən qış yaşanan qrip mövsümü ən pis qrip mövsümü olmayıb. Tarixçilər təxmin edir ki, 1918-ci ildə başlayan və təxminən iki il davam edən qrip epidemiyası nəticəsində 500 mindən çox insan ölüb.

Tarix boyu baş verən qrip mövsümlərini müqayisə etmək asan deyil, cünki ölkənin əhalisi dəyişir. Bu gün keçmiş onilllərlə müqayisədə daha çox amerikalı və daha çox yaşlı amerikalı var.

Bəs önümüzdən gələn qrip mövsümü necə keçəcək? Hələ ki, qripin çox yüngül növü aşkar oluub və ilkin göstəricilər vaksinin onun qarşısını almaqda müvəffəq olacağına işarə edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun