Xəzər məsələsində Moskvanın mövqeyi niyə yumşalıb?

Xəzər məsələsində Moskvanın mövqeyi niyə yumşalıb?
10 Avqust 2018
Mətni dəyiş

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanacağı gözlənən sənəd 22 il davam edən mübahisə və müzakirələrə son qoymalıdır.

AzadlıqRadiosunun yazarı Bruce Pannier-in məqaləsində deyilir ki, Xəzər dənizinin hüquqi statusunu təsbit edən bu yeni beynəlxalq Konvensiya - ərazi suları, dəniz sərhədləri, naviqasiya qaydaları, balıq ovu hüquqları, ekologiya məsələləri və ən mühümü dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsini nəzərdə tutan 18 səhifəlik bu sənəd ümumilikdə 24 maddədən ibarətdir.

Xəzər adi su hövzəsi deyil. Onun dibində 50 milyard barrel neftin və 9 trilyon kibmetrlik qazın artıq təsdiqlənmiş və ya mümkün ehtiyatları var. Hazırkı bazar qiymətləri ilə bu trilyonlarla dollar gəlir deməkdir.

Pannier-in fikrincə Xəzərin statusuna görə mübahisələrin bu qədər uzun müddət sürməsinin əsas səbəbi də elə budur.

22 illik müzakirələr zamanı əsas sual həmişə bundan ibarət olub: Xəzər göldür, yoxsa dəniz? Konvensiya layihəsinə görə 5 sahilyanı dövlət Xəzərin hər halda dəniz olması barədə razılığa gəliblər.

Xəzərin göl kimi qəbul olunması onun 5 sahil dövləti arasında bərabər bölüşdürülməsini tələb edərdi.

Lakin su hövsəsinin dəniz olaraq qəbul edilməsi o deməkdir ki, hər bir ölkənin payına dənizin orta xətti ilə müəyyənləşən sektorlar düşəcək.Bu mənada İran daha çox itirir, daha doğrusu onun payına dənizin cəmi 13 faizi düşəcək. Qazaxıstanınkı gətirib. Bu ölkə özünün sahil xəttinə görə ən böyük sektora malik olacaq. Üstəlik dəniz dibinin karbohidrogen ehtiyatlarının çoxu da Qazaxıstanın payına düşür. Lakin Konvensiya artıq de facto inkişaf etdirilmiş yataqların sahibliyini indi olduğu kimi saxlamalıdır. Çünki bu illər ərzində razılaşmanın olmaması Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın Xəzərin sərvətlərindən istifadəsinə mane olmayıb.

Pannier yazır ki, Konvensiya layihəsi olduğu kimi saxlanarsa, bunun nəticəsində Türkmənistan qazını Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəql edəcək TransXəzər Kəmərinin (TXM) dənizin dibi ilə çəkilməsi qarşısında heç bir maneə qalmayacaq.

Konvensiya layihəsinin 14-cü maddəsinə görə sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər, bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı olmalıdır.

Bu halda TXM-in çəkilməsi üçün Türkmənistan və Azərbaycan arasında razılaşmanın imzalanması kifayət etməlidir.

Bundan əvvəl mümkün ekoloji fəlakətləri bəhanə gətirən Moskva və Tehran TXM-nin əleyhinə çıxırdı. İndi Moskvanın buna etiraz etmədiyi görünür.

Pannier-in fikrincə bu onunla bağlıdır ki, Rusiyanın özü bir neçə başqa dənizlərin dibi ilə öz kəmərlərini çəkir. Məsələn Gazprom-un Mavi Axın kəməri Qara dənizin dibi ilə Türkiyəyə çəkilib və TürkAxını adlı daha bir kəmərin yenə də dəniz dibi ilə çəkilməsi planlaşdırılır. Bundan başqa Rusiya Fin körfəzinin altı ilə Almaniyaya qaz kəmərinin çəkilişini başa çatdırıb.

Sözü gedən su hövzələrinin coğrafi və iqlim şəraiti Xəzərdə olduğundan daha sərtdir və deməli orada çəkilən kəmərlərin ekoloji riski Xəzər dibinin riskindən qat-qat çoxdur.

Bir sıra təhlilçilər deyirlər ki, əslində Tehran və Moskvanın narahatlığı ekologiyadan yox, qaz ixrac edən rəqiblərdəndir.

Buna baxmayaraq Konvensiya layihəsinə görə sahil dövlətləri öz sektorlarında baş vermiş texnogen qəzalara görə bilvasitə məsuliyyət öhdəliyi götürürlər.

Moskvanın mövqeyinin yumşalması təkcə Türkmənistan qazını Azərbaycan vasitəsilə nəql edəcək TXM-in yox, həm də Qazaxıstanın yenə də Azərbaycana çəkmək istədiyi Qazaxıstan Xəzər Kəmərinə (QXM) yaşıl işıq yandırmış olur.

Lakin Xəzər təkcə neft-qaz yox, həm də nadir nərə balıqları və qiymətli kürü deməkdir. Bax bu məsələdə İranın bəxti başqa sahilyanı ölkələrdən çox gətirib. Onun Almas adlı nərə kürüsünün bir kilosunun qiyməti 30 min dollardır.

Konvensiyada, bir qayda olaraq siyasəti iqtisadiyyatdan üstün tutan Rusiyanı ən çox qane bir məqam da var. Razılaşmaya görə Xəzərdə yalnız sahil ölkələrinin hərbi dəniz donanmaları ola bilər. Bu dənizindəki ən böyük və ən güclü donanma isə Rusiyanındır.

Pannier yazır ki, bütün sahil ölkələrini razı salmasına baxmayaraq sözü gedən Konvensiya heç də bütün gələcək problemlərin həlli olmayacaq və sahil ölkələri zaman-zaman danışıqlar masası arxasına qayıtmalı olacaqlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun