Olimpiada çempionu yolpulu ucbatından yarışa qatıla bilməyib

Olimpiada çempionu yolpulu ucbatından yarışa qatıla bilməyib
12 Avqust 2018
Mətni dəyiş

Azərbaycanda keçirilən "Məktəblilərarası II robot Olimpiadası"nda "Hardware Control" kateqoriyası üzrə I yerin qalibi olan məktəbli Yasin Quliyev Meksikada keçirilən beynəlxalq yarışa qatıla bilməyib. Buna səbəb Meksikaya getmək üçün yolpulu tapa bilməməsi olub. Məktəblinin atası Yalçın Quliyev “yeniavaz.com” saytına deyib ki, "Məktəblilərarası II robot Olimpiadası" Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir və ölkə əhəmiyyətli yarışdır. “İstək” liseyinin 10-cu sinif şagirdi olan Yasin Quliyevin hazırladığı robot digərlərindən texnoloji cəhətdən xeyli yüksək olduğundan I yerə layiq görülüb və sertifikat alıb. Onun hazırladığı robotla uzaqdan uşaq meydançalarını, küçələri təmizləmək mümkündür. Yasinin bu layihəsi 15-18 avqust tarixlərində Meksikada keçiriləcək "First Global" beynəlxalq robot-texnika yarışında nümayiş etdirilməli idi. Lakin dövlət tərəfindən heç bir maddi dəstək göstərilmədiyindən məktəbli bu yarışa qatıla bilməyib.

Yasin Quliyevin atası deyib ki, maddi dəstək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ediblər. Lakin qurum "maliyyə vəsaitinin ayrılması nazirliyin imkanı xaricindədir" cavabını verib. Yalçın Quliyevin sözlərinə görə, sözügedən robotu 10-cu sinif şagirdi olan oğlu ilə birlikdə daha 3 şagird hazırlayıb. Həmin yarışa isə dünyanın 160-dan çox ölkəsindən nümayəndələr qatılır: “Azərbaycandan başqa heç bir ölkədən uşaqlar yarışmaya öz ciblərinin pulu ilə getmirlər. Nazirliyə müraciətdən sonra uşaqlara cavab gəldi ki, "robotunuzu hazırlayın, gələk baxaq, ondan sonra cavab verək". Gəldilər, baxdılar, bəyəndilər və dedilər ki, "işinizi bəyənirik, bütün xərclərinizi də ödəyəcəyik". Uşaqlar da həvəslənib gecə-gündüz işlədilər, hazırladılar, amma yarışa az qalmış nazirlikdən yazılı cavab gəldi ki, yol polunuzu verə bilməyəcəyik".

Bundan sonra Yasinin atası oğlunun yol pulunu öz cibindən ödəməyə çalışıb, amma əlavə xərclər də lazım olduğundan, bu, mümkün olmayıb: "Əvvəl dedilər 1500 dollar, amma sonra dedilər 2500 dollar. Dedim, eybi yox, bir yerdən borc-xərc edib uşağı göndərərəm. Sonra dedilər ki, 1000 dollar da əlavə lazım olacaq - Yasinin orada qalması, otel pulu və s. Ona görə razı olmadım. Mən bu uşağın yol pulunu verirəmsə, xərcini çəkirəmsə, heç olmasa otel pulunu dövlət versin də. Nazirlik heç olmasa 1000 dollar yardım etsəydi, qalanını tapıb özüm ödəyərdim, amma etmədilər. Mənə pis təsir edən budur, axı bu uşaq vətənimizi, Azərbaycanımızı təmsil etmək üçün gedirdi. Lazım oldu-olmadı müxtəlif işlərə milyonlar xərclənir, bəs belə istedadlı gənclərə niyə dəstək vermirlər?" Saytın yazdığına görə, Yasin gedə bilməsə də, onun şagird yoldaşları öz vəsaitləri hesabına yarışa qatılıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun