İkiyə bölünməyən xiyar

İkiyə bölünməyən xiyar Foto: Yaşar Xudiyev
17 Avqust 2018
Mətni dəyiş

Seymur Baycan

(Gecikmiş hekayələr silsiləsindən)

Axşam düşdü, dükanlar bağlandı, gündüzkü qaynar həyatdan sonra örtülü bazarı məzar sükutu bürüdü. Yalnız orda-burda gözətçilər arabir nəzərə çarpırdı. Şükür isə hələ də burda idi. O, örtülü bazarın dar dalanlarında, yekə qıfıllı, kiçik qapılı dükanların önündən, başını yuxarı qaldırmadan arxasında palan, ümidsiz-ümidsiz, yorğun-yorğun addımlayırdı. Arıq çiyinlərindən tökülən köynəyinin açıq yaxasından boynundan asılmış üçkünc dua görünürdü. Dərisinin altından sümükləri o qədər kəskin seçilirdi ki, bu sümüklərin dərini deşib bayıra çıxmadığına adam təəccüblənirdi. Bığları ona yaraşmır, üzünə qorxaq ifadə verirdi.

Nəhayət, hambalın boş bazarda gəzintisi gözətçiləri bezdirdi. Onların bir neçəsi bir ağızdan Şükürün üstünə qışqırdı:

-Bu vədə boş bazarda nə veyillənirsən, kişi? Niyə xarabana getmirsən?

Şükür bu çığırtılardan qorxdu və bazardan şəhərə çıxdı. Axı o hara gedəydi? Kirayədə yaşadığı otağın sahibi iki gün qabaq onu bayıra atmış, otağın kirayəsini gətirməzsə, həyətə ayaq basmamasını əmr etmişdi. Şükür bu iki gündə nəinki otağın kirayəsini qazana bilməmişdi, cibindəki axırıncı qəpiklərlə dünən bir tikə çörək alıb yemişdi. Bu gün isə səhərdən dişinə heç nə vurmamışdı. Axşamadək burnunu gah ora, gah bura soxub vurnuxmuşdu, bütün bazarı əldən-ayaqdan salmışdı, ancaq bir şey qazana bilməmişdi. Yuxusuzluq, yorğunluq, ümidsizlik, aclıqla qarışıb vücuduna həmlə edərək Şükürün görkəminə xəstə bir görkəm vermişdi. Şükür bu görkəmdə gəlib şəhərin baş xiyabanına çatdı. O, xiyabanda rahat-rahat gəzən tacirlərə, qırmızı saqqallı hacılara, ağalara, qara çəkməli zabitlərə, təmiz geyinmiş şux gənclərə, üzləri boyalı xanımlara nəzər saldı və özünü bu aləmdə yad, kimsəsiz hiss etdi. Yalın, kirli ayaqla, boş ciblə, ac qarınla xiyabana girməyə cəsarət eləmədi. Qəlbini öldürücü bir nisgil bürüdü. Özünün özünə yazığı gəldi. Oğrun-oğrun yan-yörəsinə göz gəzdirdi. Başını yavaş-yavaş göyə qaldırdı. Bir müddət buludlara baxdı. Sanki Allahın hansı buludun arxasında dayana biləcəyini müəyyən etmək istəyirdi. Baxışlarını yekə bir buludun üstündə saxladı və yazıq-yazıq zarıdı:

- Pərvərdigara, sən özün mənə bir tikə çörək ver! Yazığam! Sən özün şahidsən ki, səhərdən dilimə bir tikə çörək dəyməyib.

Onun aşağı göz qapaqlarında sap kimi nazik yaş qatı göründü və iriləşib şəffaf dənəciyə çevrildi. Dənəcik getdikcə iriləşdi və birdən sol gözdən aralanıb yanağı ilə aşağı axdı. Bəli, vəziyyət müşkül idi. Şükür nə edəcəyini bilmədən dar küçələri gəzib dolaşmağa başladı. Dar küçələrin birində ayaqlarının yanında zəif bir inilti eşitdi:

- Qardaş, Allah xətrinə, bu uşağa bir tikə çörək ver! Dilənçi qadın çılpaq körpəsini cır-cındıra bürüyüb səki üstündə oturmuşdu. Bu zaman təxminən 20-25 yaşlı bir gənc onların hər ikisinə – Şükürə və dilənçi qadına baxıb yüngülvari qəhqəhə çəkdi:

- O bədbəxtin nəyi var ki, sən bədbəxtə də verə? Götürün!

Gənc əlindəki torbadan yoğun bir xiyar çıxarıb qadınla Şükürün arasındakı qısa məsafənin düz ortasına atdı. Şükür və qadın eyni anda xiyara tərəf əyildilər. Hərəsi xiyarın bir tərəfindən yapışıb özünə tərəf çəkdi. Xiyar sırtıqlığına salıb ortadan qırılmadı. Qadın Şükürdən daha güclü idi və bu gücün sayəsində xiyarı Şükürün əlindən alıb cəld iki döşünün arasına soxdu. Şükür əlini xiyarın soxulduğu yerə uzada bilmədi. Xiyar davasında məğlub edilmiş Şükür cır-cındıra bürünmüş uşağı qeyri-ixtiyari olaraq qadının qucağından götürüb qəzəblə qadının təpəsinə çırpdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun