ADR Hərəkatı Angela Merkelə təkliflər verdi

ADR Hərəkatı Angela Merkelə təkliflər verdi
23 Avqust 2018
Mətni dəyiş

Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADRH) Almaniyanın federal kansleri Angela Merkelə qarşıda duran Cənubi Qafqaz turnesi ilə əlaqədar müraciət edib.

Müraciətdə deyilir:

"Azərbaycan Demokratiya və Rifah Hərəkatının missiyası Azərbaycanda hüquqi dövlət, açıq cəmiyyət, liberal iqtisadiyyat və firavan həyat qurmaqdır. ADR Hərəkatı Azərbaycanda demokratik və açıq cəmiyyət quruculuğunu, avro-atlantika məkanına inteqrasiyanı, neft gəlirlərinin ədalətli bölüşdürülməsini, azad sahibkarlığın inkişafını və milli iqtisadiyyatın şaxələndirilməsini, Qarabağın işğaldan azad edilməsi üçün danışıqlar yolunu dəstəkləyir.

Bildiyiniz kimi, Cənubi Qafqazda alman məskənlərinin salınmasından 201 il ötür. XİX əsrin əvvəllərindən başlayaraq almanlar bu bölgəyə, xüsusilə də Gürcüstana və Azərbaycana köç edib. Onlar Azərbaycanın hazırkı Göygöl, Ağstafa, Tovuz və Şəmkir ərazilərində Helenendorf (bugünkü Göygöl şəhəri), eləcə də Annenfeld, Qrünfeld, Qeorqsfeld, Traunbenfeld, Eyqenfeld adında yaşayış məskənləri salıblar. Azərbaycanda məskunlaşdıqları dövrdə dini tolerantlıq və qonaqpərvərliklə qarşılan alman icması Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edib, şərabçılıq ənənələrinin əsasını qoyub. Biz Sizin səfərinizi də çoxillik Azərbaycan-Almaniya münasibətlərinin davamı konteksindən qiymətləndiririk.

Sizin Azərbaycana səfəriniz ölkəmiz üçün çox mürəkkəb və çətin bir dövrə təsadüf edir. Təəssüflə bildirirk ki, Azərbaycanda demokratik institutların, xüsusilə də müstəqil vətəndaş cəmiyyətinin və azad mətbuatın sıradan çıxarılması, neft gəlirlərinin ədalətsiz bölgüsü, siyasi və iqtisadi islahatların aparılmaması Azərbaycanın avro-atlantika məkanına inteqrasiyasını zəiflədib, Dağlıq Qarabağ və onun ətrafında yerləşən 6 rayonun Ermənistan tərəfindən 25 ildir ki, işğal altında saxlanılması Qafqazda sülhün təminatına inamsızlığı artırıb, ölkə vətəndaşlarının gələcəyə ümidini azalıb,. Odur ki, ADR Hərəkatı olaraq bölgəyə səfəriniz zamanı Sizdən Cənubi Qafqazda təhlükəsizlik və demokratik inkişaf üçün aşağıdakı məsələlərin diqqətdə saxlanılmasını xahiş edirik.

1) Dağlıq Qarabağ və ətrafda yerləşən 6 rayonun işğaldan azad edilməsi, 1 milyona qədər məcburi köçkünün ata yurduna qayıtması Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərpası üçün çox önəmlidir. Xahiş edirik ki, nüfuzunuzdan istifadə edib, Ermənistan rəhbərliyinin işğalçı siyasətindən əl çəkməsinə təsir edərək bu problemin həllində dəstəyinizi əsirgəməyəsiniz.

2) Demokratiyanın inkişafı vacib olan institutların, müxalif siyasi partiyaların, vətəndaş cəmiyyətinin və mətbuatın azad fəaliyyəti üçün mühit yaradılmasının vacibliyini, azad sahibkarlığın inkişafı üçün siyasi və iqtisadi islahatların aparılması zəruriliyini Azərbaycan hakimiyyətinin diqqətinə çatdırasınız.

3) Azərbaycanın avro-atlantika məkanına inteqrasiyasının, Dünya Ticarət Təşkilatına qəbulunun sürətləndirilməsi üçün regional və qlobal səviyyədə Azərbaycan-Almanlya əməkdaşlığını gücləndirəsiniz.

4) Azərbaycanda fundamental hüquq və azadlıqların təminatı, siyası motivlərlə həbs olunmuş jurnalistlərin, bloqerlərin, vətəndaş cəmiyyəti və siyasi partiya fəallarının azad olunması üçün təşəbbüs göstərəsiniz".

Merkelin region ölkələrinə turnesi avqustun 23-25-də baş tutacaq. O, Bakıya avqustun 25-də gələcək.

ADRH 2015-ci ilin fevralında yaradılıb. Təşkilata iqtisadçı alim Qubad İbadoğlu rəhbərlik edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun