Vəkil məhkəmədə Beynəlxalq Bankı udub

Vəkil məhkəmədə Beynəlxalq Bankı udub
2 İyul 2018
Mətni dəyiş

"İyunun 29-da Bakı Apellyasiya Məhkəməsi Beynəlxalq Bankın dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi haqda qərarını qanunsuz hesab edib".

Vəkil Əkrəm Həsənov bu barədə Facebook səhifəsində yazıb.

Vəkil xatırladıb ki, 2017-ci ilin sonunda bank birtərəfli olaraq xarici valyutada depozitlərin faizini 3% -dən 2% -dək azaltmağı qərara alıb.

"Bunu şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, o cümlədən devalvasiya və maliyyə vəziyyətinin pisləşməsi ilə əsaslandırmağa çalışırdı. Mən elə o zaman bankın bu hərəkətini qanunsuz hesab etdim və əmanətçilərə məhkəməyə müraciət etməyi tövsiyə etdim. Çünki bankın heç bir halda məhkəmədənkənar qaydada müqavilə şərtini dəyişməyə hüququ yoxdur. Mülki Məcəllənin 948.3-cü maddəsi bunu birbaşa qadağan edir", o yazıb.

Ə.Həsənov qeyd edib ki, minlərlə əmanətçidən (xarici vətəndaşlar daxil olmaqla) yalnız 3 nəfər məhkəməyə iddia ilə müraciət edib. Bank və məhkəmə sistemlərinə etimad etməyən əmanətçilər mübarizənin əbəs olduğunu zənn edib və sadəcə pullarını geri çəkib.

"Bank sisteminə etimadın bərpası üçün əhəmiyyətli olan bu qərar həmçinin onu göstərdi ki, hər kəs həmişə haqqını tələb etməlidir. Haqqını tapdalayanın kimliyindən asılı olmayaraq", o qeyd edib.

Həsənov Amerikanın Səsinə bildirib ki, məhkəmənin qərarı hüquqi qüvvəyə minərsə Beynəlxalq Bank üç əmanətçiyə depozitlərin faizlərini əvvəlki qaydada ödəməli olacaq.

Onun sözlərinə görə, Beynəlxalq Bankda minlərlə əmanətçinin uzun müddətə qoyduğu dollar əmanəti olub.

“Bu əmanətçilər də bankı məhkəməyə verib hüquqlarını tələb edə bilər”. hüquqşünas bildirib.

Beynəlxalq Bank məhkəmənin qərarı ilə bağlı hələ mövqeyini açıqlamayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun