'Nobelli yazardan belə bir roman?..'

'Nobelli yazardan belə bir roman?..'
7 İyul 2018
Mətni dəyiş

Tənqidçi Oğuz Demiralp Orhan Pamukun səliqəsiz yazdığını, yanlış söz və deyimlərdən yararlandığını düşünür

Kitabına Orhan Pamukun məşhur “Cevdet bəy və oğulları”na uyğun “Orhan Bəy və kitabları” adını verən Oğuz Demiralp Orhan Pamukun səliqəsiz yazdığını, yanlış söz və deyimlərdən yararlandığını deyir. “Bir oxucu olaraq, təəssüf ki, Pamuku, üslub ustası kimi görə bilmirəm”.

Tənqidçi Oğuz Demiralp son kitabını Orhan Pamukun əsərlərinə həsr edib

Kitabları təhlil edərkən Oğuz Demiralpın ən çox vurğuladığı məqamlardan biri Orhan Pamukun türkcəsidir. Əslində, tənqidçi Pamukun türkcəsi haqqında hələ 2007-ci ildə də fikir bildirib:

Pamuk yanlış söz və ifadələr işlədir?

“Pamukun türkcəsiylə bağlı qənaətim dəyişmədi. Səliqəsiz yazır. Yanlış söz və ifadələr işlədir. Uzun cümlələri də, ən azı, mənim qulağıma və gözümə xoş gəlmir. Bir oxucu olaraq, təəssüf ki, Pamuku bir üslûb ustası kimi görə bilmirəm. Bəyənən bəyənir, mən bəyənmirəm. Kitabçamda da bu mövzunu yetərincə açmışam".

Oğuz Demiralp kitabında Pamukun mətnlərarası bağlantı qurmaq bacarığının üstündə də ayrıca dayanıb:

"Ədəbiyyatda müxtəlif mətnlər arasında öz-özünə ortaya çıxan bəzi əlaqələr, bənzətmələr, təsirlənmələr olur. Julia Kristeva ədəbiyyatın bu yönünü izah etmək üçün “mətnlərarası bağlantı" terminini düşünüb. Ancaq sonradan zamanla gördük ki, ədəbiyyatın mətnlərarası bağlantı yönü başqa mətnlərdən bolca yararlanmaq, qaynaq belə göstərməyə gərək duymadan, bol-bol sitat gətirilən bir bəhanə halına gətirildi. “Ay qardaş, bu qədər də olmaz” deyirsən. “Sən sus, otur, mətnlərarası bağlantıdan başın çıxmır" deyirlər. Pamuk mətnlərarası bağlantılarda, maşallah, çox bacarıqlıdır. Ancaq mənə görə deyil”.

“Uzun müddətdə itirərsiniz”

Müəllif Orhan Pamukun “dünya oxucusuna” üz tutduğundan, əsərlərini gərəksiz yerə uzatdığını, "Qar" romanında isə oxucusunu yanlış yönləndirdiyini vurğulayır:

"Söhbətin uzanıb getməsi bəzi oxucuların xoşuna gələ bilər. Mən xoşlamıram. “Gərəksiz yerə uzatma” mövzusunu hər roman üçün ayrıca dəyərləndirmək lazımdır. Bəzən bir romanda o qədər çox şey iç-içə nəql edilməyə çalışılır ki, mətn, nə qədər uzun olur-olsun, nəql edilmək istənilənlərin hamısını... danışa bilmək baxımından çətinlik çəkir. Bu ikincisi dünya oxucusu baxımından mühüm özəllikdir. Bir gerçəkliyə dayanan, ya da o gerçəkliyi ələ alan bir bədii əsər yazırsınızsa, gerçəkliyi, yəni tarixi, coğrafiyanı, mədəni elementləri kefiniz istədiyi kimi dəyişdirərək, beyninizdə qurduğunuz dünyanı gerçəklik kimi təqdim etməniz doğru deyil. Romanda yanlış bilgi və ya nəql olunanların anlaşılması sarıdan əksik bilgi verməniz də doğru olmaz. O zaman Türkiyəni tanımayan dünya oxucusu sizin uydurduğunuz gerçəkliyi gerçək kimi qəbul edər. Ən yumşaq deyişlə, bunu etməmək lazımdır. Etsəniz, bəlkə qısa bir dövr üçün təsir yarada bilərsiniz, amma uzun müddətdə itirərsiniz”.

“Mənə heç önəmli görünmür”

Tənqidçi Pamukun Nobel müafatına layiq görüldükdən sonra yazdığı romanlara da münasibət bildirərək, yazıçının Nobeldənöncəki və sonrakı əsərlərini müqayisə edib:

“Mənə heç önəmli görünmür. “Başımda bir tühaflıq” romanına rəğbət duydum, amma... Ancaq o qədər! Son romanı mənə görə orta səviyyədən aşağıdır... Nobelli bir yazardan belə bir roman çıxması... Heyrət! Ümidimiz, gözləntimiz bundan sonra ad-sanına uyğun romanlar yazaraq bizi sevindirməsidir”.

“Artıq ədəbiyyatın yarısı reklamdır” deyən tənqidçi Pamukun əsərlərinin tanınmasında PR fəaliyyətinin təsirinə də toxunub.

Onun sözlərinə görə, hər yazarın “mifologiyasının” formalaşmasında ədəbiyyat bazarının da payı var. Oğuz Demiralpın fikrincə, “Pamuk mifologiyası” (bəlkə "Qara kitab" xaric), əsasən, ədəbiyyat bazarının dinamikasının məhsuludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun