Hüseyn Arabul: Mən Bakıda olsaydım, bu cür olayların olmasına imkan verməzdim

Hüseyn Arabul: Mən Bakıda olsaydım, bu cür olayların olmasına imkan verməzdim
9 İyul 2018
Mətni dəyiş

“Bu cür olaylar hər zaman ola bilər. Olmaması üçün tədbirlər görülməlidir. Belə bir qəza baş verirsə, başqa nöqtələrdən enerji qaynaqları tapmaq lazımdır”. Bu sözləri Azadlıq Radiosuna müsahibəsində keçmiş «Barmek Azərbaycan» şirkətinin rəhbəri Hüseyn Arabul deyib.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasındakı blokların birində yanğın baş verdi və Azərbaycanın əksər rayonları, eləcə də Bakı işıqsız qaldı. Problem 2 gün davam etdi. Nəticədə metroda hərəkət dayandı, su kəsildi, əhali problemlərlə üzləşdi.

Hüseyn Arabul deyib ki, o, Bakıda işlədiyi dövrdə də belə bir qəza baş vermişdi. Həmin qəzanın başvermə səbəbini belə izah edib:

“340 kV-luq enerji blokunun altında otlaq sahəsi vardı. İnəklər orda otlayırdı, tədbir görülməmişdi deyə yanğın baş verdi. Amma tezliklə qarşısı alındı. Belə vəziyyətdə də öncədən tədbirlər görmək lazımdır. Mən Azərbaycana gələndə Bakının işıqları hər gün kəsilirdi. Bir-iki ay sonra isə bu kəsilmələr yox oldu. Nədən yox oldu? Çox böyük dəyişiklik etmədik. Harada, necə və nə qədər istifadə edilməsilə bağlı koordinasiya etdik, bununla da elektrik kəsilmələri dayandı... Bu tip qəzalar Amerikada da olur. Amma 4-6 saat elektrik kəsintisi olmamalıdır”.

Energetik hesab edir ki, hər şey bir stansiyanın üzərinə düşməməlidir. Elektrik ötürücülərinin yüklənməməsi üçün düzgün koordinasiya etmək lazımdır: “Bununla bağlı tədbirlər görülməlidir. Bu tədbirlər olarsa, Mingəçevirdən gələn bir xətt elektriksiz qalar, digər xətlərdən olan enerji ötürülər. Belə də bütün ölkə işıqsız qalmaz”.

“Mən Bakıda olsaydım, bu cür olayların olmasına imkan verməzdim. Ən azından Bakı, Sumqayıt elektriksiz qalmazdı... Mənim zamanımda qəza baş verəndə belə 6-7 saat elektrik kəsintisi olmayıb. Bu işləri bilən ən yaxşı mühəndis də hazırda mənim yanımda çalışır. Azərbaycanda olan zaman Ağayevi («Barmek»in texniki direktoru olmuş Vəfa Ağayevi nəzərdə tutur-red.) həbsə atdılar. Niyə həbs etdilər? İstədikləri cavabı almadıqları üçün tutdular... Nə yazıq ki, Azərbaycanın ən yaxşı mühəndisi burada (Türkiyədə-red.) çalışır. Halbuki, Azərbaycanın ən yaxşı mühəndisi Azərbaycanda olmalıydı, orda işləməliydi”, - Hüseyn Arabul deyib.

Rəsmi məlumatlarda qəzanın havaların isti keçməsi səbəbindən xətlərdə baş vermiş yükləmələrlə əlaqələndiriblər. Hüseyn Arabul deyib ki, bu, elektrikin kəsilməsi üçün səbəb ola bilməz: “Məncə, bu, idarənin bacarıqsızlığıdır. Mənə görə, bu, belədir, başqa söz deyə bilmərəm”.

«Barmek» 2001-ci ilin noyabrında Azərbaycana gəlib. Şirkət Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürüb. 2006-cı ildə isə hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb. H.Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. Məhkəmə həmçinin, Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar verib. 2009-cu ildə isə həbs olunub. İttihama görə, H.Arabul Azərbaycandan Gürcüstana keçmək istəyərkən saxlanılıb. O və şirkətin altı əməkdaşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilib. Elə həmin ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Amma təxminən bir ay sonra Gəncə Şəhər Apelyasiya Məhkəməsi H.Arabul barədə 2 illik həbs cəzası ilə bağlı məhkəmə hökmünü ləğv edib. Bir neçə gün sonra isə H.Arabul Azərbaycanı tərk edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun