Elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranıb

Elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranıb
12 İyul 2018
Mətni dəyiş

Bakıda və Azərbaycanın bir sıra ərazilərində iyulun 12-də yenidən elektrik enerjisinin verilməsində məhdudiyyətlər olub.

Enerjinin təminatında kəsilmələr bəzi yerlərdə 15-20 dəqiqə arasında müşahidə olunub.

“APA” informasiya agentliyinin məlumatına görə, kəsintilərə səbəb Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın olub.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlının sözlərinə görə, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası- “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləmir və sərnişinləri qəbul etmir. Onun sözlərinə görə, bu gün saat 16:10 radələrində elektrik enerjisi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttində - “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları arasında qatarların hərəkəti mümkün olmayıb.

İyulun 2-i və 3-də Mingəçevirdə "Azərbaycan İstilik Stansiyasında" yanğın ölkənin əksər ərazisində elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə səbəb olub. Bununla bağlı xüsusi müşavirədə prezident İlham Əliyev "Azərenerji" ASC-nin sədri Etibar Pirvediyeviə baş verənlərə görə utanmalı olduğunu bildirərək, kəskin tənqid edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun