Daha iki vəkil cəzalandırılıb

Daha iki vəkil cəzalandırılıb
26 İyul 2018
Mətni dəyiş

Vəkillər Kollegiyası Rəyasət Heyəti daha iki vəkili cəzalandırıb. Vəkillərdən birinin fəaliyyəti bir illiyə dayandırılıb, digərinin kollegiya üzvlüyünə xitam verilməsi üçün məhkəməyə müraciət edilməsinə qərar verilib.

Bu haqda Vəkillər Kollegiyasının məlumatında bildirilir.

Qərarlar kollegiyanın Rəyasət Heyətinin iyulun 25-də keçirilmiş iclasında qəbul edilib. Məlumata görə, cəzalandırılan vəkillər Qəhrəman Pirməmmədov və Nurəli Həsənovdur.

Rəyasət Heyətinin ümumilikdə vəkillər barəsində başlanılmış 10 intizam icraatına baxdığı bildirilir. Yekunda vəkil etikası normalarının pozuntusu əsası ilə 2 vəkilə töhmət verildiyi, digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatlarına xitam verildiyi qeyd edilir.

Cəzalandırılan vəkillərin mövqeyini öyrənmək mümkün olmayıb. Vəkillər kollegiyası onlar barəsində verilmiş qərarların səbəbləri haqda detallı bilgi vermir.

Vəkillər Kollegiyasında son yeddi ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərləri var. Yalçın İmanov istisna olmaqla, digərlərinə bir illik məhdudiyyət tətbiq olunub.

Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.

Bu yaxınlarda vəkil İradə Cavadova cəzalandırılıb. Ən son vəkil Fuad Agayevə töhmət verilib.

Vəkillər barəsində cəza qərarları əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.

Rəsmi Bakı ölkədə ümumiyyətlə siyasi məhbus olmadığını bəyan edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun