Azərbaycan vətəndaşı faktiki olaraq seçmə-seçilmə haqqını reallaşdıra bilmir

Azərbaycan vətəndaşı faktiki olaraq seçmə-seçilmə haqqını reallaşdıra bilmir
14 İyul 2018
Mətni dəyiş

Dünyada baş verənləri az-çox, pis-yaxşı təhlil edə bilirik, çünki əlimizin altında kifayət qədər data olur.

Lakin öz ölkəmizdə nə baş verdiyini axıra qədər anlaya bilmirik, çünki lazımi məlumatlara sahib deyilik, verilən rəsmi açıqlamalar həm yetərsiz qalır, həm də cəmiyyətdə bu açıqlamaların müəlliflərinə etimad problemi var.

Pambıq zəhərlənmələri, elektrik enerjisi sistemindəki qəza, Gəncə İH başçısına sui-qəsd və nəhayət, Gəncədə 2 polis zabitinin qətli ilə nəticələnən hadisələr bir zəncirin həlqələridirmi? Xarici xüsusi xidmət orqanlarının təxribatları burada nə dərəcədə rol oynayıb? İçimizdə - dövlət strukturlarında həmin xüsusi xidmətlərə çalışan qrupların bu hadisələrdə əli varmı? Bunlar dövlət orqanlarının araşdırmalı və cavab tapmalı olduğu suallardır.

Əgər biz ölkə olaraq xarici xüsusi xidmət orqanlarının diversiya aktlarına məruz qalmışıqsa, kənardan burada xaos yaradıb hansısa qara niyyətlərini reallaşdırmaq istəyənlər varsa, siyasi iqtidara münasibətimizdən asılı olmayaraq, dövlətə, onun müstəqilliyinə və dünyəvi dəyərlərinə sahib çıxmalıyıq. Terrora, zorakılığa heç vaxt heç bir səbəblə haqq qazandırmaq olmaz, cinayəti və cinayətkarı öymək, örnək göstərmək zərərli və yolverilməzdir. Şübhəsiz ki, bu tip cinayətlərin və təxribatların qarşısını almaq zəruridir, dövlət orqanlarının bu istiqamətdə addımları legitimdir və dəstəklənməlidir.

Amma inkarolunmaz bir gerçəklik də var ki, Azərbaycanda idarəetmə sisteminin, idarəetmə anlayışının və metodlarının böhranı yaşanır və son olaylar bunu bütün çılpaqlığı ilə ortaya qoydu. Toplumda ciddi narazılıq yığılıb qalıb. Xüsusən bölgələrdə yerli xotkarlara qəzəb, hətta nifrət var. Ən təhlükəlisi budur ki, insanlar, əsasən də gənclər (əksəriyyət) bu ölkədə öz sabahını görmür, ölkənin firavan gələcəyinə inanmır. İki yol var: ya ölkə inersiya ilə əvvəlki metodlarla idarə olunmağa davam edəcək, ya da tədricən də olsa, islahatlar yoluna qədəm qoyulacaq. Birinci yol yeni problemlər vəd edir və perspektivi yoxdur. Çox danışılan suriyalaşma məhz birinci yolun sonunda – insanlar tam ümidsizləşəndə və cəmiyyət kənar yönləndirmələrə tam açıq hala gələndə baş verə bilər. İnsan hüquq və azadlıqlarının təmin olunduğu bir ölkənin suriyalaşması istisnadır. Hazırda baş verənlərin fonunda nə qədər paradoksal səslənsə də, Azərbaycanda yumşalmaya ciddi ehtiyac duyulur. Cinayətkarlığa qarşı ən sərt şəkildə mübarizə aparılsın, buna heç kimin etirazı yoxdur, amma fərqli düşünənlərə basqıları azaltmaq, azadlığın çərçivələrini genişləndirmək həyati zərurət halına gəlib. Unudulmamalıdır ki, dayanıqlı, uzunmüddətli sabitliyin yolu məhz demokratikləşmədən keçir.

Bu gün Azərbaycan vətəndaşı faktiki olaraq seçmə-seçilmə haqqını reallaşdıra bilmir. Hətta hər hansı real səlahiyyətlərə malik olmayan bələdiyyələrə belə, yerli İH başçısının siyahısından kənar seçilməyin mümkün olmadığı hər kəsə bəllidir. Məsələn, sıradan bir vətəndaş olaraq mən bu gün qeydiyyatda olduğum Yasamal rayonunun bələdiyyə üzvlüyünə namizədliyimi versəm, yerli rüşvətxor məmurlar yəqin arxamdan gülər ki, nə axmaq adamdır, öz ölkəsində işlərin necə getdiyini bilmir. Yəni İH-nin məlum siyahısında adım olmasa, seçilmə şansım yoxdur. Bu, o deməkdir ki, dövlət hakimiyyətini həyata keçirənlər mənim kimiləri tamhüquqlu vətəndaş saymır. İslahatlara, cəmiyyətdə yumşalma tədbirlərinə bələdiyyə seçkilərinin qismən də olsa, normal keçirilməsinə şərait yaratmaqla başlamaq olar. Tutaq ki, 20 yerlik bələdiyyəyə 5-6 nəfər “ikinci sort” vətəndaşın xalqın səsi ilə seçilməsinə imkan vermək faciə ilə nəticələnməz. Yaxud parlamentin 125 üzvündən 25-nin həqiqətən xalqın səsi ilə seçilməsinə mane olmamaqla dövlətçilik əldən getməz.

Dövlətə, onun müstəqilliyinə, dünyəviliyə sadiq olan müxalifəti sistemin kənarına ataraq, küncə sıxmağı dayandırmağa ehtiyac var. Biz bu müxalifəti yaxşı tanıyırıq, onlar heç vaxt zorakılığa, terrora əl atan deyillər. Bu adamların kifayət qədər çatışmazlıqları, qüsurları ola bilər, amma mən onları müəyyən mənada Qandinin “Satyagraha” fəlsəfəsinin ardıcıllarına bənzədərdim. Hökumətimiz özü də etiraf edir ki, cəmiyyətdə problemlər, narazı insanlar və təbəqələr var. Elə isə, imkan verin, xalqın narazı qisminin rəyinin, iradəsinin ifadəçisi sizin yaxşı tanıdığınız, bildiyiniz bu müxalifət olsun, nə vaxt, haradan zərbə endirəcəyini bilmədiyiniz qaranlıq qüvvələr yox...

P.S. Avropa Birliyi Şurasının rəhbəri Tusk Azərbaycandakı daxili vəziyyətlə bağlı Azərbaycan prezidenti ilə faydalı müzakirə apardığını bildirib. Ümid edirəm ki, İlqar Məmmədov tezliklə sərbəst buraxılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun