Tbilisidə metro işçiləri tətil edir

Tbilisidə metro işçiləri tətil edir
4 İyun 2018
Mətni dəyiş

Tbilisidə metro işçilərinin tətili ictimai nəqliyyatın işində əngəllər yaradıb. Paytaxtda hökumətin istefası tələbilə artıq beşinci gündür etirazlar keçirilir.

İyunun 4-də Tbilisidə metronun bütün stansiyaları bağlanıb, şəhər hakimiyyəti sakinləri avtobuslardan istifadə etməyə çağırıb.

MAAŞLAR ARTIRILMAYACAQ

Paytaxtın meri Kakha Kaladze nəqliyyatda yaranmış problemlərə görə vətəndaşlardan üzr istəyib. Mer onu da deyib ki, tətil edən fəhlələrin maaşların artırılması tələbinin yerinə yetirilməsilə bağlı elə bir plan yoxdur.

Tbilisinin mərkəzində dörd gün etirazlara çıxmış sakinlər ötən dekabrda dava-dalaşda gənclərin öldürülməsi işində ədalətin bərqərar olmadığını deyirlər.

Tbilisi Şəhər Məhkəməsi cinayət işində təqsirli bilinən iki gəncə 10 və 9 il həbs cəzası kəsib. Biri qətldə, digəri adam öldürməyə cəhddə təqsirli bilinib.

Öldürülənlərdən birinin atası Zaza Saralidze-nin də daxil olduğu etirazçıların fikrincə, ölüm hadisələrində həmin iki gəncdən başqa da günahkarlar var, ancaq qohumları Baş Prokurorluqdakı işləyir deyə cəzadan yayınıblar.

Gürcülər hakim elitada korrupsiya və cəzasızılığın yayıldığını deyərək nümayişlərə çıxıblar.

“Öldürülmüş uşağıma söz vermişəm ki, hər bir qatil cəzalandırılacaq. Sistem dağıdılmalıdır!”, – Saralidze iyunun 3-də etirazçılar qarşısında çıxışında deyib.

BAŞ NAZİRLƏ GÖRÜŞ GÖZLƏNİR

İyunun 4-də Saralidze-nin baş nazir Giorgi Kvirikashvili ilə görüşəcəyi gözlənir. Ancaq görüşün harada keçiriləcəyi, ümumiyyətlə, baş tutub-tutmayacağı bəlli deyil.

Kvirikashvili bəyanatında deyib ki, öldürülmüş yeniyetmələrin valideynləri ilə görüşə hazırdır, amma “siyasi baxımdan maraqlı fərdlərin iştirakı olmadan”.

Saralidze iyunun 2-də “Gürcüstandakı bütün siyasi partiyaları qüvvələrini birləşdirməyə, sistemi tamamilə çökdürməyə” çağırıb.

Etirazçılar ilk öncə baş prokuror Irakli Shotadze-ni istefa verməyə çağırmışdılar. Onlar sonradan bütöv hökuməti istefaya səslədilər.

Ölkənin müxtəlif yerlərində Saralidze-yə dəstək aksiyaları keçirilir. Qori şəhərində mərkəzi küçələrdə, metro keçidlərində bu yazıları oxumaq olar: “Qatil küçədədir”, “Ədalət hardadır?”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun