Ramin Hacılı saxlanılıb

Ramin Hacılı saxlanılıb
6 İyun 2018
Mətni dəyiş

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) ictimai fəal Ramin Hacılı və Fəxrəddin Qasımovun saxlanması ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətinin iyunun 6-da yaydığı məlumata görə, iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

«Dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 1983-cü il təvəllüdlü Ramin Rasim oğlu Hacılı və 1988-ci il təvəllüdlü Fəxrəddin Azad oğlu Qasımov saxlanıb. İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf etmişdir. F.Qasımov da eyni məzmunlu ifadə verib», - məlumatda vurğulanır.

DSX-nın iddiasına görə, R.Hacılı 250 min manat həddində borclarının olduğunu, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışdığını bildirib.

Hadisə ilə bağlı cinayət işinin açıldığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun