Nazir: "Məhbuslarla kobud davranan 7 polis işdən azad edilib"

Nazir: "Məhbuslarla kobud davranan 7 polis işdən azad edilib"
4 İyun 2018
Mətni dəyiş
 

Tutulan və ya həbs edilən şəxslərin qanunla müəyyən edilmiş hüquqlarının tam təmin edilməsi, onların kobud rəftara, işgəncəyə məruz qalmaması Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin xüsusi nəzarətindədir.

Bunu bu gün, iyunun 4-də daxili işlər naziri Ramil Usubov İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Görüşlə bağlı DİN mətbuat xidməti geniş məlumat yayıb.

Nazir CPT-nin hesabatından, bu sənədin DİN-də diqqətlə öyrənilməsindən, oradakı tövsiyələrin icrasına başlanılmasından bəhs edib.

Ramil Usubov hesabatda göstərilən xüsusatlara aydınlıq gətirərək işgəncəyə məruz qalması güman edilən şəxslərlə bağlı aparılan araşdırmalar zamanı 11 faktdan yalnız 1-nin təsdiqləndiyini söyləyib. Bununla əlaqədar 1 əməkdaşın xidmətdən xaric edildiyini və 7 əməkdaş barəsində ciddi intizam tədbirlərinin görüldüyünü bildirib.

Məlumata görə, Ramil Usubov hesabatda əksini tapmış digər narahatedici məqamlara da toxunub. Həbsdə olan şəxslərin istintaq təcridxanalarından müvəqqəti saxlama yerlərinə tez-tez qaytarılmasının onların işgəncəyə məruz qalması riskini artırması ilə bağlı qeyd edilənlərə gəlincə nazir vurğulayıb ki, bütün bu prosedurlar qanun çərçivəsində icra olunur.

Nazir müvəqqəti saxlama yerlərində sanitar şəraitin müvafiq tələblərə uyğun olmaması, saxlanılan şəxslərin vəkillə görüşünün təşkilində və yaxınlarının məlumatlandırılmasında çatışmazlıqların mövcudluğu ilə bağlı məqamlara da toxunub. O, deyib ki, vəziyyətin bir daha yoxlanılması və nöqsanların aradan qaldırılmasından ötrü aidiyyəti baş idarələrə lazımi göstərişlər verilib.

O, saxlanılan şəxslərin vəkilləri və yaxınları ilə görüşməsində heç bir məhdudiyyətin olmadığını bildirib.

Ramil Usubov bu ilin birinci rübündə ərazi polis orqanlarının müvəqqəti saxlama yerlərində Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin 54 monitorinq keçirməsindən bəhs edib. O, qeyd edib ki, həmin müddətdə aşkarlanan kobud rəftar, əsassız gətirmə, saxlama hallarına görə 115 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 7 nəfəri xidmətdən xaric olunub, daha 7-si tutduğu vəzifədən azad edilib, 101 nəfər barəsində isə digər intizam tədbirləri görülüb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlərin də müzakirə olunduğu bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun