Mühacir reperin qardaşı Azərbaycandan buraxılmır

Mühacir reperin qardaşı Azərbaycandan buraxılmır
26 İyun 2018
Mətni dəyiş

Gənc fəal, rok musiqi ifaçısı Camal Əlinin qardaşı Vüqar Əli ölkəni tərk edə bilmir.

Səbəb Daxili İşlər Nazirliyinin onun ölkədən giriş-çıxış işləmlərinə məhdudiyyət qoymasıdır.

Bu barədə Meydan TV-yə Vüqar Əli özü məlumat verib.

O, bildirib ki, mayın 24-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

Ona ölkəni tərk edə bilməyəcəyini, Daxili İşlər Nazirliyinin onun ölkədən çıxışına qadağa qoyduğu bildirilib.

“O gündən bəri Daxili İşlər Nazirliyindən məlumat ala bilməmişəm. Apreldə qayıtmışam ölkəyə. Onda heç bir problem olmadı. Hətta mayda xarici pasportumu dəyişmişəm. Onda da mənə heç nə deməyiblər. Bir aydan çox vaxt keçib. Mənə bildirmişdilər ki, 15 iş günü ərzində məlumat veriləcək, ancaq verilmir. Baş Prokurorluğa, Dövlət Sərhəd Xidmətinə də yazdım. Cavab gəldi ki, bizlik deyil. Daxili İşlər Nazirliyi isə ancaq “səbrli ol” deyir”.

Vüqar Əli məhdudiyyətin ya texniki problem olduğunu, ya da qardaşı Camal Əliyə görə qoyulduğunu söyləyir. Deyir, qardaşına görə daha öncə də stopu olub, sonradan götürülüb:

“Ya da pasportumu dəyişdiyim üçün sistemdə köhnə stop aktivləşib. Bilmirəm nədir”.

Meydan TV Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.

Daha öncə də Camal Əlinin ailəsi polis bölmələrinə çağırılıb, dindirilib. Camal Əli 2007-ci ildə H.O.S.T qrupunda repçi kimi çalışıb. 2008-ci ildə qrupu tərk edib. 2012-ci il martın 17-də Bakıda hakimiyyət əleyhinə olan mitinqdə iştirak edərkən, polis tərəfindən həbs olunub. Azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edib. Hal-hazırda Berlində yaşayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun