Güclü külək və sel Daşkəsənə ciddi ziyan vurub

Güclü külək və sel Daşkəsənə ciddi ziyan vurub
25 İyun 2018
Mətni dəyiş

İyunun 24-də axşam saatlarından başlayan leysan yağışları nəticəsində Daşkəsən rayonunun kəndlərinin yol, elektrik, qaz və rabitə təsərrüfatına, evlərə və şəxsi təsərrüfatlara, ərazidəki sosial obyektlərə ziyan vurub.

Daşkəsən Rayon İcra Hakimiyyətindən Turan-a verilən məlumata görə, təbii fəlakət nəticəsində Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.

Çay kənarında yerləşən bir neçə fərdi ev yararsız hala düşüb, bir çox evləri isə su basıb. Qaraqullar kəndi ərazisində avtomobil yolunun xeyli hissəsi sıradan çıxıb, bir neçə avtomobili sel aparıb.

Təbii fəlakətin fəsadlarının müəyyənləşdirilməsi üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən operativ qərargah yaradılıb, kəndlərdə xəsarət alan şəxslərə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb.

Abıyevin sözlərinə görə, güclü tufan və yağış 2 saata yaxın davam edib. Köhnə körpülər dağılıb, qaya uçqunları nəticəsində böyük həcmli qayalar yollara tökülüb.

Bir sıra yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik transformatorunu sıradan çıxarıb,nəqliyyatın hərəkəti tam dayanıb.

Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq nazirliklərin və rayon icra hakimiyyətinin əməkdaşları birgə tədbirlər həyata keçirirlər.

Öz növbəsində, ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, Daşkəsəndə elektrik enerjisinin bərpası üçün də işlər aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun