Göyçayda körpünün uçması ilə əlaqədar cinayət işi açılıb

Göyçayda körpünün uçması ilə əlaqədar cinayət işi açılıb
7 İyun 2018
Mətni dəyiş

Güclü sel nəticəsində Göyçay çayı üzərində iyunun 2-də avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova, Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

Cinayət işinin başlanmasına əsas səbəb Göyçay rayon İcra Hakimiyyəti başçısının 14 may 2014-cü il tarixli, 38 saylı sərəncamı ilə “Göyçay” qum-çınqıl yatağında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayrılması barədə sərəncamlar və müvafiq torpaq icarə müqavilələrinin ləğv edilməsinə baxmayaraq, müqavilələri ləğv edilmiş karxanaların gizli yolla çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərdikləri, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrinin suvarma suya ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğularının dayanıqlığına ziyan vurmaları barədə materiallar olub.

Müəyyən edilib ki, “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş “Real İnşaat” MMC tərəfindən 191 min 440 manat, “Elnicat” MMC tərəfindən 356 min 400 manat, “Azpod” MMC tərəfindən 950 min 400 manat, “Attinak” MMC tərəfindən 1 milyon 372 min 800 manat, “ATF” MMC tərəfindən 316 min 800 manat, “Azəraqrartikinti” ASC-nin Göyçay filialı tərəfindən 495 min manat, “Bayburt Qrup” Anonim şirkəti tərəfindən 314 min 160 manat, fiziki şəxslər Şahid İsmayıl oğlu İsmayılov tərəfindən 184 min 800 manat və Tahir Səlim oğlu Əliyev tərəfindən 110 min 880 manat təbiətə ziyan dəyib.

İyunun 2-də Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki körpü güclü selin təsirinə dözməyərək uçub. Güclü sel saat 21.00 radələrində ölkə əhəmiyyətli təxminən 40 metr uzunluğu olan körpünü tamamilə uçurub.

Bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun