"Demokratik dəyərlər qazdan daha güclüdür"

"Demokratik dəyərlər qazdan daha güclüdür" Foto: sosial media
18 İyun 2018
Mətni dəyiş

“İyunun 12-də TANAP ( Trans Anadolu Qaz Kəməri) qaz kəmərinin açılış mərasimində səkkiz ölkədən dördünün - Azərbaycan, Serbiya, Türkiyə və Ukraynanın təmsil olunması məni təəəcübləndirmir”.

Bunu 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Partiyasının sədri İlqar Məmmədov TANAP qaz kəmərinin açılışı münasibəti ilə bildirib.

Onun açıqlamasını REAL hərəkatı yayıb.

İ.Məmmədov ismarıcında onunla bağlı Avropa İnsan Hüquları Məhkəməsi (AİHM) qərarının icrası məsələsini də xatırladıb, paralellər aparıb.

“Keçən il dekabr 5-də mənim işimlə bağlı Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) rəsmi olaraq hakimiyyətə qarşı xüsusi icraata başladı. Konvensiyanın 46.4 maddəsini ilk dəfə tətbiq etdi. 47 ölkədən 39-u bu qərarın lehinə səs verdi, 8 ölkə isə bu qərarı dəstəkləmədi. Bu səkkiz ölkədən dördünün (Azərbaycan, Serbiya, Türkiyə və Ukrayna) 12 iyun tarixində TANAP qaz kəmərinin açılış mərasimində ən yüksək, yəni prezidentlər səviyyəsində təmsil olunması məni təəccübləndirmir...”, İ.Məmmədov qeyd edib.

Buna da bax: İlqar Məmmədovun ad günü həbsxana önündə qeyd edilib

O, həmçinin vurğulayıb ki, Rusiya nümayişkaranə şəkildə TANAP-ın da bir hissəsi olduğu Cənub Qaz Dəhlizinə neytral mövqe nümayiş etdirir.

İ Məmmədov Cənub Qaz Dəhlizinin (CQA) Rusiya əleyhinə layihə olmadığını vurğulayıb. “ Azərbaycanın sülalə hakimiyyəti CQD-ni "anti-Rusiya layihəsi" olmadığı halda, bu marka altında Avropa və ABŞ-a satmağa çalışır:

“ Əvəzində respublikaçılıq dəyərlərinə sadiq müxalifəti ölkə daxilində darmadağın etmək üçün Ceyms Bond lisenziyası almaq istəyir.Lakin demokratik dəyərlər hələ ki, qazdan daha güclüdür. 39 ölkə bu lisenziyanın verilməsindən imtina etdi”, REAL lideri yazıb.

TANAP layihəsi Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsidir. Bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Bu il iyunun 12-də TANAP-ın açılışı olub. O daha sonra TAP-a ( Trans Adriatik Qaz Kəməri) birləşdirilməlidir. CQD layihəsi 2020-ci ildə tam işə düşməlidir.

Azərbaycan rəsmiləri isə müxalifətin tez-tez işlətdiyi “ sülalə hakimiyyəti” (müxalifət bununla Azərbaycanda ata Heydər Əliyevdən sonra onun oğlu İlham Əliyevin prezident seçilməsinə işarə vururlar-R) ifadəsi ilə razılaşmır. Onlar deyirlər ki, Azərbaycanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaqaq bunu xalqın iradəsi müəyyən edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun