Yaxınları jurnalist Əfqan Sadıqovun səhhətinin ağır olduğunu bildirirlər

Yaxınları jurnalist Əfqan Sadıqovun səhhətinin ağır olduğunu bildirirlər
1 May 2018
Mətni dəyiş

Həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Facebook statusunda Əfqanın ağır xəstəliyindən yazıb.

S.Sadıqova bildirir ki, Ə.Sadıqovla telefonla danışıb. Sağlamlıq durumu getdikcə pisləşir: "Aprelin 26-da axşam yenə ölümdən dönüb, vəziyyəti çox pis olub. Təzyiqi o qədər yüksək olub ki, qıcolma keçirib və bütün bu hadisələr Kürdəxanıda - Bakı İstintaq Təcridxanasının rəisinin gözləri önündə baş verib. Ancaq rəis buna reaksiya belə vermir və susur"

S.Sadıqova deyir ki, artıq 1 aydan çoxdur ki, Ə.Sadıqov qan təzyiqi və ürək ağrılarından əziyyət çəkir, xəstəliyi getdikcə ağırlaşır, ayaqları şişib.

S.Sadıqovanın deməsinə görə, mənşəyi bilinməyən iynələr vura-vura təcridxanada Ə.Saqıdovun səhhətini lap pisləşdiriblər.

S.Sadıqova müraciət etdiyi qurumlara həyat yoldaşının niyə xəstəxanaya aparılmaması sualını ünvanlayır və Ə.Sadıqovun həyatının təhlükədə olduğunu bildirir.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov isə S.Sadıqovanın dediklərini əsassız adlandırır: "Həbsxanada da, təcridxanada da Ə.Sadıqovun səhhəti həkim nəzarətində olub. Aprel ayında xroniki xəstəlikdən Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında müalicə alıb".

İ.Qurbanov bildirib ki, Ə.Sadıqov arterial qan təzyiqindən əziyyət çəkir və buna görə də dərmanları mütəmadi qəbul etməlidir. Deyilənə riayət etsə təzyiq normada qala bilər.

İ.Qurbanov Ə.Sadıqova hansısa mənşəyi məlum olmayan iynələrin vurulması barədə deyilənləri də əsassız sayıb: "Ə.Sadıqova tanımadığı preparat verilməyib və ya iynə vurulmayıb. Savadlı adamdır, bilir ki, verilən preparat və vurulan iynə nə üçündür".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun