Tənqiddən inkara - Yalçın İmanov

Tənqiddən inkara - Yalçın İmanov
30 May 2018
Mətni dəyiş

Yalçın İmanov

Vəkillikdə, çarpaz dindirmənin qızıl bir qaydası var: Cavabını bilmədiyin sual(lar)ı vermə! Əks halda, aldığın, yaxud verilən cavabların əlində çaş-baş qalar, dindirmənin istiqamətini, gedişatını və hədəfini itirə bilərsən.

Cavabını bilmədiyin sualları verməmək üçün isə, cavabını bildiyin sualları (bütövlükdə vəkili olduğu işi) yaxşı öyrənməli, dəqiq və ardıcıllıqla sıralamalı, sadalamalısan.

Yəni, dindirmə suallarının tərtibatı və mümkün ehtimalı cavabların əvvəlcədən diqqətə alınması uğurun yarısıdır.

Siyasətdə suallar, onların təqdimatı və ağla gələn cavabları vəkillikdən tamam fərqlidir. Burda verəcəyin sualın cavabını bilməmək sualın qoyuluşunu, tərzini şərtləndirmir. Ancaq siyasətdə də vəkillikdə olduğu kimi, suallar mühüm əhmiyyət kəsb edir.  Ən azı problemin aktuallaşdırılması və ona münasibətin müəyyən edilməsi baxımından.

İndi vacib olan sual budur: avtoritar rejimlərdə etirazçı davranış hansı formada təqdim edilməlidir? Etirazçı münasibətin seçilən üsulu onun faydalılığını şərtləndirirmi?

Aşağıda iki anlayışın timsalında bu suallara cavab aramağa çalışaq.

***

  1. Tənqid.

Azərbaycan dilinin izahlı lüğətində tənqidin mənası belə verilir (Mövzuya uyğun olan iki cavab versiyası təqdim edilir):

  1. Yaxşı cəhətlərini üzə çıxarmaq, nöqsanlarını göstərmək və düzəltmək məqsədilə müzakirə, təhlil. Bir şey haqqında mənfi fikir, rəy;
  2. Bir şeyin düzlüyünün, səhihliyinin elmi cəhətdən yoxlanılması, tənqid olunması.

Göründüyü kimi, tənqidin ən yaxşı halda təklif etdiyi, müzakirə və təhlildir. Məhz elə bu səbəbdəndir ki, onillərdir hakimiyyət mənsublarının “konstruktiv, hətta destruktiv tənqidə açıqlığı” barədə dilxoşluqlarını çox tez-tez eşitmək olur. Paradoksdur, deyilmi? Rejim, cəsarətlə səni onu tənqid etməyə dəvət edir! Tənqid, hətta onun destruktiv forması belə qorxulu deyil, başqa sözlə desək zərərsizdir.

Tənqid, birmənalı şəkildə avtoritar rejimlərin ən işlək və zəruri fon atributudur. Onun bunca stimullaşdırılmağının səbəbi də elə budur. Tənqid, tənqid etdiyi ilə dinc yanaşı yaşayır, onun uzağa gedən məqsədi və niyyəti yoxdur. Tənqidin son mənzili elə tənqiddir!

Tənqid olan yerdə tərifin olması təbiilikdən başqa, həm də vacib keyfiyyət əlamətidir. Əks halda qərəzli görünə, cığal gününə düşə bilərsən. Tənqidlə tərif bir medalın iki üzüdür, onlar üzvü şəkildə bir-birini tamamlayır və zəruri edir. Bir neçə il əvvəl müxalif şəxslərin ara-sıra, amma çox gur səslənən “Asan” Xidmətlə bağlı təriflərinə rast gəlmək olurdu. Şəxsiyyət, yaxud sürücülük vəsiqlərini çox rahat və ənənəvi bürokratik maneələrlə üzləşmədən dəyişən əksfikirlilər xoşbəxt eyforiyadan az qala uçurdular. Halbuki, elə “Asan” Xidmət-in özü çətin idaretmənin, məişət korrupsiyasının dolayı yolla təsdiqidir. Halbuki, bütün təməl dəyərlərin (azad seçki, müstəqil məhkəmə hakimiyyəti, parlamentarizm, liberal iqtisadiyyat və s. və i.a.) faktiki ləğv edilib, sarsıdılıb, yerində zorba dinastiya rejiminin bərqərar edildiyi ölkədə “Asan” Xidmət uğuru acı gülüş doğurur.

Nəticə - tənqid kosmetikdir, aldadıcı sublimasiyadır. O, vur-tut ağrıkəsici iynədir, o, kəskin ağrının səbbini alır, ancaq məlhəm deyil, ehtiyac duyulan isə məhz şəfadır, ağır xəstəliyin kompleks müalicəsidir.

***

  1. İnkar.

Azərbaycan dilinin izahlı lüğətində bu sözün mənası belə verilir: Tanımama, rədd etmə, qəbul və təsdiq etməmə, danma. İnkar etmək – bir şeyin varlığını, doğruluğunu və s.-ni qəbul və təsdiq etməmək, rədd etmək və danmaq.

İnkarın birinci şərti – tanımamaq və qəbul etməməkdir. O, qəti və birmənalıdır. O, tərifdən fərqli olaraq inkar etdiyi ilə dinc yanaşı yaşaya bilmir, bilməz, onun mahiyyəti bunu mümkünsüz edir. İnkarla inkar edilənin birlikdəliyi mümkün deyil, o, olanda bu, bu olanda isə o olmur.

İnkarın danması, qəbul etməməsi, onun daha artığını, çoxunu istəməsiylə bağlıdır, rədd etdiyini tamamilə dəyişmək niyyətilə əlaqəlidir. İnkar rədd etdiyinin yerində öz böyük təsdiqini ucaldır. İnkarın təsdiqi olmasaydı, onun inkarının da bir mənası olmazdı, inkar kor-koranə olsaydı, hansısa əhəmiyyəti qalmazdı.

***

Nəticə: tənqid inventardı, inkar hər zaman müasir. Birinci yolaverəndi, ikinci, yolyaradan. Birinci cığırdı, ikinci hara getdiyini göstərən yerli-yataqlı yol.

Azərbaycan cəmiyyətində ideoloji cəhbələşmənin və yarışmanın olmadığı bir şəraitdə inkar istinadgah kimi görünür!

Avtoritar rejimləri inkar etmək lazımdır, büsbütün, antixalq, antiinsani siyasətini, davranışlarını əgər varsa, iriliyindən-xırdalığından asılı olmayaraq, bütün uğurları ilə bir yerdə. Son təməl daşından, axırıncı mismarına kimi.

Bu, maksimalizm, yaxud neobolşevizm deyil, avtoritar rejimlərdən xilas olub, yenilənmənin, təzələnmənin bəlkə də yeganə yoludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun