Siyavuş Novruzov qız qaçırılmanı insan oğurluğu saymır

Siyavuş Novruzov qız qaçırılmanı insan oğurluğu saymır
23 May 2018
Mətni dəyiş

Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov Cinayət Məcəlləsində qız qaçırılmanın insan oğurluğu kimi göstərilməsinə etiraz edib.

Parlamentdə keçirilən dəyirmi masada S.Novruzov bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil.

“Bir var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik” , - deyə o qeyd edib.

Azərbaycan qanunvericiliyində qızı evlənmək məqsədilə qaçırma halı 2000-ci ilə qədər az ağır cinayətlər kateqoriyasına daxil edilib. 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsində qadını evlənmək məqsədilə oğurlayanlara (129-cu maddə) 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu. Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində edilərdisə, həbs müddəti 5 il də ola bilərdi.

2000-ci il sentyabrın 1-dən qüvvəyə minən yeni Cinayət Məcəlləsində bu əməl adam oğurluğu kimi tanınıb. Amma 144-cü maddənin tərkibindəki bəndlərdə “qızqaçırma” sözü yoxdur və ittiham olunanları 5 ildən 12 ilədək həbs gözləyir. Eyni əməllər yetkinlik yaşına çatmamış şəxsə qarşı törədildikdə həbs cəzası 15 ilədək yüksəldilə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun