Siyasi fəal xanımını təqiblərdən qorumaq üçün ondan boşanmaq istəyir

Siyasi fəal xanımını təqiblərdən qorumaq üçün ondan boşanmaq istəyir
31 May 2018
Mətni dəyiş

AXCP Gədəbəy rayon təşkilatının sədri Ramiz Novruzov özünə və ailə üzvlərinə ciddi təzyiqlərin olduğunu bildirib.

R.Novruzov Gədəbəy rayonunun keçmiş icra başçısı, öncə narkotik maddə, sonra isə Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsində ittiham olunan Saleh Rüstəmovu müdafiə etdikdən sonra ona qarşı təqiblər başlayıb.

R.Novruzov Turan agentliyinə bildirib ki, Prezident Administrasiyasına müraciət hazırlayıb. Müraciətdə 1992-1993-cü illərdə S.Rüstəmovun rayona rəhbərlik etdiyi dövrdə Başkəndin azad edilməsində və digər yaşayış məntəqələrinin erməni təcavüzündən müdafiəsində onun rolundan danışıb. Müraciəti 120 nəfər imzalayıb.

Bundan sonra Bakıdan göstəriş gəlib ki, R.Novruzovun xanımının (hakim Yeni Azərbaycan Partyasının üzvüdür) rəhbəri olduğu uşaq bağçasında yoxlama aparılsın.

R.Novruzovun sözlərinə görə, həyat yoldaşına təzyiq göstərməyə başlayıblar. Bu səbəbdən R.Novruzov bosanmaq istəyir ki, xanımını rahat buraxsınlar.

Xatırladaq ki, S.Rüstəmov və qohumu Vidadi Rüstəmli üç həftə öncə narkotik maddə ittihamı ilə həbs olunublar.

Ancaq mayın 26-da Baş Prokurorluq və DİN bildirib ki, o, qanunsuz sahibkarlıqda və çirkli pulların yuyulmasında ittiham olunur. Rəsmi versiyaya görə, Rusiyada bizneslə məşğul olan S.Rüstəmov AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün sahibkarlardan pul yığıb. Pul bank dövriyyəsindən yan keçməklə AXCP fəallarına çatdırılıb. Bu iş üzrə AXCP fəalları Babək Həsənov, Aqil Məhərrəmov və Ruslan Nəsirli həbs olunub.

AXCP-də pulların yuyulması ittihamını absurd adlandırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun