Səməd Seyidov AŞPA-nın ona qarşı sanksiyalarını qəbul etmir

Səməd Seyidov AŞPA-nın ona qarşı sanksiyalarını qəbul etmir
17 May 2018
Mətni dəyiş

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA Komitəsi tərəfindən ona qarşı qəbul edilmiş sanksiyaların heç bir əhəmiyyəti olmadığını iddia edir.

Eyni zamanda, o, sanksiyaları Azərbaycana qarşı "ikili standartların" təzahürü adlandırıb. Bu barədə o, çərşənbə günü nədənsə Xarici Dillər Universitetində keçirdiyi mətbuat konfransında bildirib.

Xatırladaq ki, AŞPA Komitəsi Seyidova və assambleyanın digər üç deputatına qarşı Assambleya Bürosunun yaratdığı Müstəqil İstintaq Qrupunun məruzəsində yer alan korrupsiya ittihamları ilə bağlı sanksiyalar tətbiq edib.

Seyidov iki il ərzində AŞPA-da məruzəçi ola, seçkilərin monitorinqlərində iştirak edə, komitə və alt komitələrin sədri seçilə, üçüncü tərəflərin tədbirlərində assambleyanı təmsil edə, AŞ Nazirlər Komitəsinə sorğular göndərə bilməz. O, yalnız assambleyanın işində iştirak edə bilər.

"Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir", deyə Seyidov bildirib.

Onun iddiasına görə, AŞPA-da sanksiya tətbiq olunan insanlar Dağlıq Qarabağ məsələsini qaldıran şəxslərdir.

Seyidov həmçinin iddia edib ki,AŞPA Komitəsinin qərarı Azərbaycan nümayəndə heyətinin işinə təsir edə bilməyəcək. Güclü fantaziyasını daha da inkişaf etdirən Seyidov sanksiyaları AŞPA-da "böhranın" dəlili adlandırıb.

Seyidov iddia edib ki, Azərbaycanın nümayəndə heyəti Ermənistana layiqli cavab verir və Azərbaycan tərəfə qarşı bu sanksiya Dağlıq Qarabağa görədir.

Bütün bunlara baxmayaraq, S.Seyidov Azərbaycanın Avropa Şurasında təmsil olunacağını və mübarizə aparacağını bildirib.

Qeyd edək ki, indiyədək rəsmi Bakı Avropa Şurasının Qarabağ məsələsi ilə bağlı mövqeyini alqışlayırdı. Belə ki, dövlət başçısı İlham Əliyev müntəzəm olaraq beynəlxalq təşkilatlar arasında Avropa Şurasının Azərbaycanın ədalətli mövqeyini etiraf edən qətnamələrini yada salır. Amma, göründüyü kimi, dövlət başçısının və Səməd Seyidovun qiymətləndirmələri heç də bir-birinə uyğun deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun