MİDA ilk satışın nəticələrini ləğv etdi

MİDA ilk satışın nəticələrini ləğv etdi
17 May 2018
Mətni dəyiş

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) «Yasamal» Yaşayış Kompleksində ilk mənzillərin seçimini yenidən təşkil edəcək.

Bu haqda MİDA-nın bu gün, mayın 17-də yayılan məlumatında bildirilir.

«Yasamal» Yaşayış Kompleksində ilk 260 mənzilin satışına mayın 7-də başlandığını bildirən agentlik vurğulayır ki, onda «Elektron hökumət» portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığından əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanıb.

««Güzəştli mənzil» sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməyib. Bununla da, yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulub», - agentlik qeyd edir.

Agentliyin açıqlamasına görə, baş vermiş texniki problemlərin yaranma səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədilə müvafiq komissiya yaradılıb.

MİDA vurğulayır ki, yaranmış problemlər ilk satış zamanı sistemin istifadəçilərinin mənzil seçimi imkanlarının qeyri-bərabər olmasına gətirib çıxarıb. Bu isə elektron sistemin əsas iş prinsiplərinə zidd olub. Bütün bunları diqqətə çatdıran agentlik mayın 7-də keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrini ləğv edib, seçimin yenidən təşkilinə qərar verib.

Xatırladaq ki, Mayın 7-dən «Yasamal» Yaşayış Kompleksində sosial mənzillərin satışına başlandığı açıqlanmışdı. Ancaq vətəndaşların satış prosesinin aparıldığı «Elektron hökumət» portalına daxil olmasında ciddi problemlər yaranmışdı.

Baş verənlər sosial şəbəkələrdə sadə insanlara yaradılan maneələr kimi dəyərləndirilmiş, ancaq agentlik bunu texniki səbəblərlə əlaqələndirmişdi.

Həmin satış mərhələsində 4 binadakı 260 hazır, tam təmirli, mətbəx mebeli və isitmə sistemi olan 1-3 otaqlı mənzillər satışa çıxarılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun