Dövlət Departamenti din azadlığına dair illik hesabatını açıqlayıb

Dövlət Departamenti din azadlığına dair illik hesabatını açıqlayıb
30 May 2018
Mətni dəyiş

Dövlət katibi Mayk Pompeo ABŞ Dövlət Departamentində dünya ölkələrində din azadlığının durumu ilə bağlı illik hesabatı təqdim edib.

Birləşmiş Ştatlar dünya boyu din azadlıqlarının təhlükə altında olduğunu bəyan edib. Hesabatda dünyanın bir çox ölkələrində din tərəfdarlarının təqib edildiyi və inanclarına görə cəzalandırıldığı bildirilir.

Dövlət Departamentinin beynəlxalq din azadlığı üzrə xüsusi səfiri Sam Braunbek din azadlıqları ilə durumun “dəhşətli” olduğunu bildirib.

Birləşmiş Ştatların prezident Donald Tramp və Şimali Koreya lideri Kim Conq Unla iyunun 12-də zirvə görüşünə hazırlıq işləri aparmasına baxmayaraq, Dövlət Departamentinin hesabatında Şimali Koreya dindarların inanclarına görə təqib olduğu bir ölkə kimi xüsusi göstərilir.

“Biz Şimali Koreyada qulaq sisteminin mövcud olduğunu görürük. Siz peykdə bu düşərgələrin bəzisini və oradakı vəziyyəti görə bilərsiniz. Şimali Koreyadan çıxıb, oradakı vəziyyət haqda yazan adamlar var. Biz bilirik ki, vəziyyət çox mürəkkəbdir və xüsusilə də inanclı insanlar üçün və buna görə də Şimali Koreya bizim üçün xüsusi narahatlıq doğuran ölkə olaraq qalır”, Sam Barunbek bildirib.

ABŞ Dövlət Departamentinin hesabatında Çin, İran, Rusiya və başqa ölkələrdə də dindarların təqibləri qınanıb.

Hesabatda deyilir ki, “Çində yüz minlərlə uyğur müsəlman məcburən tədris mərkəzlərinə göndərilir, onlara qarşı geniş və aqressiv şəkildə izləmə və nəzarət tətbiq edilir”.

Hesabata əsasən, İranda hökumət dini azlıqlara qarşı “Allaha qarşı müharibə” ittihamlı ilə edam və həbslər də daxil olmaqla qəddar davranışı davam etdirir.

ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair hesabatının Azərbaycanla bağlı hissəsində qeyd olunur ki, yerli insan haqları fəalları hökumətin dini fəalların saxlanmasını və həbslərini davam etdirdiyini bildirir.

Hesabatda deyilir ki, saxlanan dini fəalların sayı 2016-ci ildə 86 ilə müqayisədə 2017-ci ilin sonu 80 nəfər təşkil edirdi.

Hesabatda yanvar və dekabr aylarında məhkəmələrin 2015-ci ildə Nardaranda polisin əməliyyatı nəticəsində həbs edilmiş Müsəlman Birliyi Hərəkatının liderləri və başqalarına uzunmüddətli həbs cəzaları verdiyi qeyd edilir. Bir çox fəalların onlara qarşı dini zəmində nifrət yaymaq və terrorizm də daxil olmaqla irəli sürülmüş ittihamların sifarişli olduğunu hesab etdiyi bildirilir.

Dini qrupların bildirdiyinə görə, hökumət azlıqda olan dini qrupların “qeyri-ənənəvi” olduğunu hesab edərək, onların qeydiyyatdan keçirilməsini gecikdirməyə, ya da qeydiyyatdan keçirməməyə davam edir.

Hesabatda qeyd edilir ki, yerli din ekspertləri hökumətin təmir bəhanəsi ilə məscidləri bağlamağa davam etdirdiyini, lakin bunun əsas səbəbinin həmin məscidlərin eksremist baxışların yayıldığı yer ola bilməsi ilə bağlı narahatlıqlarla əlaqədar olduğunu bildirir. Hökumət dini materialların ölkəyə daxil olması, yayılması və satışına nəzarəti davam etdirir.

Birləşmiş Ştatlar hökuməti 2017-ci ilin iyul ayına olan məlumata əsasən Azərbaycan əhalisinin 10 milyon nəfər olduğunu bildirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2011-ci il üçün üçün məlumatına əsasən, Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil edir. Bunların 65 faizi şiə, 35 faizi isə sünni müsəlmanlardır. Ölkə əhalisinin dörd fazini rus və gürcü pravoslav kilsəsi və erməni apostol kilsəsinin üzvləri, molokanlar, xristianlar, yəhudilər və bəhailər təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun