Cavad Cavadov: "Mirfeyzullah Seyidovun səhhəti ağır olaraq qalır"

Cavad Cavadov: "Mirfeyzullah Seyidovun səhhəti ağır olaraq qalır"
21 May 2018
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mirfeyzullah Seyidovun səhhəti ağır olaraq qalır.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Seyidov 1 saylı Bakı İstintaq Təcridxanasının kamerasından həmin təcridxananın tibb hissəsinə keçirdiblər.

“Biz hesab edirik ki, bu kifayət deyil. Çünki onun durumu elədir ki, o həbsxanada saxlanıla bilməz. Biz ona görə də onun həbsdən azad olunmasını tələb edirik. Həftədə 3 dəfə Bakı İstintaq Təcridxanasında onu dializ proseduruna aparırlar. O da 4 saat çəkir. Ondan sonra bir o qədər də ona vaxt tələb olunur özünə gəlsin. Ümumiyyətlə o insan yarıcandır. Paralel olaraq başqa ciddi problemləri də var. Belə bir insanın həbsdə saxlanılması onun həyatına ciddi təhlükədir”, deyə vəkil qeyd edib.

Baş prokurora müraciətlə bağlı suala gəldikdə vəkil hələ ona hüquqların müdafiə etdiyi şəxslə bağlı hər hansı cavab verilmədiyini deyib. “Paralel olaraq mən Penitensiar Xidmətin rəhbərliyinə də müraciət etmişəm. Penitensiar Xidmətindən mənə cavab gəlməsə də nəticəsi o olub ki, Seyidovu təcridxananın tibb hissəsinə keçiriblər”, o bildirib. Vəkil bu gün Mirfeyzullah Seyidovun işi ilə bağlı apellyasiya şikayətinə baxılacağını xatırladıb. Onun sözlərinə görə, apellyasiya şikəyətində cinayət işi ilə bağlı qərarın ləğv olunması, Seyidovun həbsdən azad olunması xahiş edilir. “Bu təmin olunmasa biz növbəti mərhələdə ev dustaqlığı məsələsini qaldıracağıq”, Cavadov qeyd edib. Vəkil müdafiə etdiyi şəxsin özünü təqsirli bilmədiyini və ittihamın ona aid olmadığını deyib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mirfeyzullah Seyidov mayın 9-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (küllü miqdarda narkotik maddə satışı) maddəsi ilə ittiham irəli sürülüb. Mayın 10-da Nərimanov Rayon Məhkəməsi Seyidov barəsində həbs qətimkan tədbiri seçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun