Cahangir Hacıyevin bacısı yenidən prezidentə müraciət edib

Cahangir Hacıyevin bacısı yenidən prezidentə müraciət edib
5 May 2018
Mətni dəyiş

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezident İlham Əliyevə Ədliyyə Nazirliyinin məmurları tərəfindən onlara qarşı davam edən ədalətsiz münasibətin qarşısını almaq xahişi ilə müraciət edib.

Ə.Hacıyeva qeyd edir ki, 2017-ci il sentyabrın 15-dən başlayaraq ona 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan qardaşı ilə görüşməyə icazə vermirlər.

C.Hacıyevin başqa yaxın qohumları ilə görüşünə də icazə verilmir, o, tamamilə təcrid edilib.

Ə.Hacıyeva qeyd edir ki, görüşlərdən imtina üçün əsas yoxdur. Bu zaman Ədliyyə Nazirliyinə və Baş Prokurorluğa Penitensiar Xidmətin C.Hacıyevin qohumları ilə görüşlərinə icazə verilməməsi ilə bağlı müraciətlərə heç bir cavab verilmir. Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyi C.Hacıyevin doğmaları ilə görüşməkdən imtina edir.

"Ümumiyyətlə, bizim ailəmizə qarşı böyük təzyiqlər var. Qızımı işdən çıxarıblar, mənim ölkədən çıxmağıma qadağa qoyulub, bizimlə bağlı adı notariat əməliyyatlarının keçirilməsi müşküldür. İş o yerə çatıb ki, anam vəfat etdikdənsonra vərəsəlik sənədlərini belə rəsmiləşdirmirlər", deyə Ə.Hacıyeva Azərbaycan prezidentinə yazır.

Amma ailə üçün ən böyük problem C.Hacıyevlə görüşlərə icazə verilməməsidir.

C.Hacıyevin səhhətində ciddi problemlərlə əlaqədar bu, ailə üzvlərini daha çox narahat edir.

Buna görə, C.Hacıyevin bacısı prezidentdən ABB-nin keçmiş sədrinin ailə üzvləri ilə görüşlərinin bərpa olunmasına kömək etməyi xahiş edir.

* 2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları aşkar edilib. ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib, amma özünü təqsirli bilməyib və bildirib ki, bütün böyük kreditlər Müşahidə Şurasının razılığı ilə verilirdi. Onunla birlikdə ABB-nin bir sıra filiallarının keçmiş rəhbərləri də azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun