Azərbaycan MƏRASİM evindən reportaj - Xaliq Bahadır

Azərbaycan MƏRASİM evindən reportaj - Xaliq Bahadır
7 May 2018
Mətni dəyiş

Xaliq Bahadır

Reportaj yazmağım çox-çox illər öncənin görküsüdür – Azərbaycan radiosunda çalışdığım çağların. Reportaj gəncliyin işidir, sonrakı çağlara əl verməz: bir yandan qaçaqaç çətinliyi, bir yandan da jurnalist yetkinliyi istər-istəməz öz sözünü deyir. İndi mən bu yaşda reportaj yazası oldum; rejim nədənilə yazılmalı olan bir reportaj.

*** Teatr kültürümüzün sonuncu Mogikanı sayılacaq Fuad Poladovun ölüm sorağını Bakıdan qıraqda aldım. Feysbuk sorağında onun saat 13-də götürüləcəyi bildirilirdi. Bu yöndə başqa bir bilgi olmadığından jurnalist dostlara üz tutmaq gərəyi yaranırdı. Ancaq birinci işimiz maşına minib yola çıxmaq oldu. “Yol boyu zəngləşib öyrənərik”, - düşüncəsi ilə.

Çox-çox illər idi mən Bakıya çatmağa belə tələsməmişdim. Bakıya bundan qabaqkı tələsməyim, çox illər qabaq olmuşdu. Onda bizi – Qurban Məmmədovla məni – AXC-dən cəbhə bölgəsinə göndərmişdilər; oralarda baş verənləri gərəyincə öyrənib dəyərləndirmək üçün. Deyəsən, Füzulidən yenicə çıxmışdıq, Qurban bəy maşını yolqırağı butkalardan birinin önündə saxladıb siqaret almaq üçün düşdi. Sonra da qaça-qaça geri qayıtdı: “Bakıda çevriliş olub, Ayaz Mütəllibovu deviriblər”. 1992-ci il martın 6-sı idi. Biz onda bu sorağa necə də sevinmişdik!

Ölkədə A.Mütəllibovdan sonra hakimiyətə gələ biləcək bir güc vardı: Azərbaycan Xalq Cəbhəsi. Biz onda arxadakı AŞPAZLARIN nə planlaşdırdığından, nə bişirmək istədiyindən soraqsız kimsələr olaraq böyük, çox böyük – Azərbaycan boyda qaynamanın içindəydik. Onda bizə elə gəlirdi Azərbaycanda-Bakıda baş verən bütün önəmli olayların bir təkanvericisi, sonucda bir yolgöstərəni var: Azərbaycan Xalq Cəbhəsi, onun başında duran, hamının sevimlisi Əbülfəz Elçibəy.

Belə deyilmiş: başlıca təkanverici çoxlarının indiyədək düşündüyü kimi, yaxın Moskva da deyilmiş, yüzillərdən bəri doğal resurslarla dolu Azərbaycanı, Azərbaycan neftini ələ keçirməyə çalışan Vəhşilər Vəhşisi ingilis imperializmi imiş. Bütün bunları biz çox sonra, Azərbaycandakı ardıcıl çevriliş seriallarının başında duran BP yetkililərindən birinin Londonda çıxan kitabından biləcəkdik. O kitabdan bilindiyinə görə, BP Bakı neftinə yiyələnənədək Azərbaycanda çevriliş olacaqmış. Çevrilişlərə son qoyulması üçün Azərbaycan neftinin ən azı 60-70 faizi ingilislərin olmalıymış. Sözsüz, xalqa bağlı bir hakimiyət – AXC aşırı imperialist yırtıcılıqla ortaya atılan belə bir bölgüyə getməzdi, getmədi.

Onda ingilis kəşfiyatı özünün “zapasnoy” variantına - gizli ilişkidə bulunduğu H.Əliyev faktoruna əl atdı. Özü də fundamental olaraq. Fundamentallıq nədə idi? Hakimiyətə gətirilmək üçün yalnız neftdən keçmək yetərli deyildi; uzaqgörən ingilis imperializmi Azərbaycanı doğal resursları ilə birgə uzun illər asanlıqla əldə saxlamaq üçün Qarabağdan keçilməsini də istəyirdi. Keçildi. Beləliklə də, ölkədə ingilis-rus imerializminin birgə çalışmaları ilə əliyevçi rejim quruldu. Yeri gəlmişkən, çox-çox illər öncə Azərbaycanda (Batı Azərbaycan) erməni dövlətini qanlı qırğın yoluyla ingilis-rus imperializmi birgə qurmuşdu...

***

…Bakıya yaxınlaşırdıq, ancaq hara gedəcəyimizi, hayana yönələcəyimizi bilmirdik. Bəlkə (bəlkə!), bunlar bir soraq-salıq verər, deyə İctimai radionu açıq qoymuşduq. İR “Ermənistan”dan, oradakı “korrupsioner antixalq rejimindən” dönə-dönə dinləyicilərinə - vergiverənlərinə bilgilər çatdırır, ermənilərin “təmas xəttində atəşkəs rejimini iriçaplı pulemyotlardan və minomyotlardan və ağır artilleriyadan neçə yüz yol pozduğu, düşmənin cavab atəşilə susdurulduğu” ilə bağlı geniş bilgilər verir, bizsə, ürəyimizdə inanmasaq belə, indicə “Azərbaycan mədəniyətinə, Azərbaycan teatr sənətinə ağır itki üz verib...” başlanğıcı ilə bizim üçün – Azərbaycansevərlər, Azərbaycan külütürünə dəyərverənlər üçün olduqca üzücü bir frazanın efirdə səsləndiriləcəyini gözləyə-gözləyə qalırdıq. Sözsüz, qabaqlar, hələ lap Sovet dönəmində çox olduğu, illərlə görüb-eşitdiyimiz kimi, sonda “mərhumun cənazəsinin” harada qoyulduğu, onunla ayrılıq törəninin saat neçədən neçəyədək çəkəcəyi, sonra da saat neçədə götürülüb Fəxri xiyabana aparılacağı deyilməli idi. Biz indi çoxlarının söyüşlə andığı Sovet illərində belə görüb-eşitmişdik. Bütünlüklə bir ailənin qulluqçu-əlaltısına çevrilmiş televiziyalarla bağlı bizim hansısa illüziyamız yox idi. Ancaq, qarşılaşdığımız bilgisizlik üzündən istər-istəməz İR-dən “möcüzə” gözləyirdik, o da indiki rejim quralları üzündən olmadı. Belədə bizə “Ermənistan” adlanan o “batıb-gedən” ölkədəki “korrupsioner antixalq rejimini” söyüb-lənətləmək qalırdı.

Gərəkən anı. Sovet illərində biz universitet öyrəncisi olduğumuz çağlarda, başlıcası da jurnalist olduğumuz dönəmdə tele-radioların yaydığı soraqlarla bir çox tanınmış xalq yazıçı-şairlərinin, xalq artistlərinin ölü törənlərinə qatılmışdıq. Hamısında bu dünyadan gedən ünlümüzə böyük sayğı sərgiləndiyini görmüşdük – indi söydüyümüz Sövet dönəmində!

Bakıya çataçatdayıq, ancaq gedəcəyimiz yeri bilmirik. Bilgi yollarını arayıram. Hamımızın “tezyardım” deyə tanıdığımız jurnalist dostumuz Rövşən Hacıbəyliyə zəng vururam. O, rayondadır. Demokratik jurnalistikamızın koodinatoru olaraq tanıdığımız Şahvələd Çobanoğluya zəng vururam.

- Bəy, başım bərk qarışıqdı, mən də bilmirəm necədi, nətəridi, gözləyin, bu saatdana öyrənib sizə xəbər eləyərəm.

Şahvələd bəyin bilgisinin yubandığını görüncə, soruşdurma-qonuşma jurnalistikamızın tək ünlüsü Natiq Cavadlıya zəng vururam.

- Bəy, hələ dəqiq bilinmir hardan götürüb hara aparacaqlar, bu dəqiqə öyrənib sizə deyərəm.

Bir az keçmiş Natiq bəydən zəng gəlir:

- Bəy, öyrəndim: saat 2-də evindən götürüb Qurd qapısına aparacaqlar. Evi Babək küçəsi 10-dı. Yubana bilərsiz, yaxşı olar birbaşa Qurd qapısına gedəsiz.

- Natiq bəy, sən özün hardasan?

- Bəy, mən Sumqayıtdayam, bu dəqiqə taksiyə minib gəlirəm.

Bu arada Şahvələd bəydən zəng gəlir. O da Natiq Cavadlının dediyinə oxşar sözlər söyləyir. Biz Qurd qapısına yönəlirik. Yol boyu düşünürəm: “Demək, Fuad Poladovu birinci Fəxri xiyabana yaraşdırmayıblar, ikinci Fəxri xiyabanla bağlı qərar veriblər”. İkinci Fəxri xiyabana doğru gedirik. Düşünürəm: “Belə qərar verməklə böyük yanlışa yol veriblər: qərar birinci Fəxri xiyabanla bağlı olsaydı, ora qorxutmayla gedən büdcə işçilərindən savayı, bir də çox könüllü gedənlər olardı”.

Bəlli bir rejim yetkilisinin “Qurd qapısı” restoranı, II Fəxri xiyaban. Burada bizdən başqa da adamlar var. Hamı soruşur, soraqlaşır: “dəfn harda olacaq”? Gəlib bizə qoşulan birisi “buraları gəzdiyini, yeni qazılan qəbir görmədiyini” bildirir. Telefonlar işə düşür. Birdən nəsə tapmış kimi jurnalistikamızın ünlü reportyoru Ramin Dekoya zəng vururam: “Kim də bilməsə, Ramin bilməmiş deyil”.

- Bəy, mən də bilmirəm, bu dəqiqə öyrənib sizə deyərəm.

Görünür, öyrənə bilmədiyindən Raminin “bir dəqiqəsi” də uzun çəkir. Sonra ondan zəng gəlir:

- Saat 3-də evindən götürəcəklər...

Tanımadığım bir adam üzünü mənə tutub deyir:

- Bir az qabaq İlham İsmayıl da burda gözləyirdi, o, telefonda kiminləsə danışandan sonra aşağıdakı qəbristanlığa getdi.

- İlham İsmayıl düzünü bilər, ora gedək, - deyirəm.

Bizdən qabaqda beş-on maşın gedir. Hamısı Qurd qapısı sonacağının (sonacaq – qəbristan) maşını saxlayıb soruşur: “Fuad Poladovu bura gətirəcəklər?” “Hə”-dən sonra dar, uzun sonacaq yolu başlayır. Fuad Poladova ayrılan yer sonacağın qurtaracağında, daldadadır. Bu isə sağlığında öndə olan BÖYÜK KİŞİNİN sonda daldaya atılması deməkdir. Ancaq... başlıca buyruq bizim deyil, üstünlər üstünü ÇAĞINDIR. Fuad Poladov xırda-cılız dönəmlərin deyil, BÖYÜK ÇAĞLARIN KİŞİSİDİR.

...Çıxış edən yox idi. Kimsə dedi: “Niyə danışmırsız, bilmirsiz ölən Fuad Poladovdur?!” Kim idisə yanlışa yol verdi: o gün ölən Fuad Poladov deyildi, biz idik, Azərbaycan idi!

Feysbukda yazılanları oxuyuram: kimlərsə Fuad Poladovun “sadəlikdən saya bir qəbristanlıqda basdırılmaq istədiyini” yazırlar. Çox yanlış yanaşmadır: ortada olan görsəniş sonadək antixalq rejimi ilə barışmayan Fuad Poladovun özümlü PROTESTİDİR! Onu, bəlkə də, yaratdığı unudulmaz obrazlardan daha çox unudulmaz edəcək bir PROTEST!

Fuad Poladovu yaratdığı pozitiv obrazlara çox bənzədirlər, ancaq... sonadək etdiklərindən göründüyü kimi, Fuad Poladovun bütün üstün, pozitiv obrazları başqası-başqaları deyil, onun özüdür. Fuad Poladovu yaratdığı parlaq Hamlet obrazı ilə tutuşduranlar da var. Mən bunu da düzgün saymıram. Hamletdə “olummu, ölümmü?” sual-dilemması var: Fuad Poladov sosial yaşamında belə bir sual-dilemmadan bütünlükə uzaq idi, sonadək də uzaq oldu. Onun YOLU, AMACI aydın idi. Fuad Poladov sualsız-dilemmasız olaraq sonadək YOLUNA-AMACINA bağlı qaldı.

Son olaraq. Fuad Poladov ideoloq-aktyor idi. Başqa cür desək, özünün ideoloji quralları olan aktyor idi - belələri yüz ildə bir ola, olmaya!

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun