Akif Çovdarovun şikayəti təmin olunmadı

Ləğv olunmuş MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik İdarəsinin sabiq rəisi Akif Çovdarov, müavini Səlim Məmmədov, işçiləri Orxan Osmanov və Akif Əliyevin hökmündən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Mayın 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyilə çıxarılan qərar elan olunub. Qərara əsasən, nə təqsirləndirilən şəxslərin, nə də zərərçəkmişlərin şikayəti təmin olunub. Bakı Hərbi Məhkəməsinin Akif Çovdarov və digərləri barəsində çıxardığı 30 oktyabr

2018-ci il tarixli hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Hökmə əsasən, Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov isə 4 il azadlıqdan məhrum edilib. Çovdarovun general, Səlim Məmmədovun polkovnik, digərlərinin də mayor rütbələri alınıb, ümumilikdə 33 milyonluq əmlak müsadirə olunub.
Akif Çovdarov və işçiləri də daxil olmaqla, 22 nəfər MTN vəzifəlisi 2015-ci il oktyabrın 17-də nazirlikdə keçirilən əməliyyatdan sonra saxlanılıb. Saxlanılanlar arasında beş nəfər general vardı.

Sabiq MTN-çilərin hamısı barələrində çıxarılan hökmdən narazı qalıblar. Onlar təqsirsiz olduqlarını bildirirlər.