ABŞ Qüdsdə səfirlik açdı: onlarca fələstinlinin öldürüldüyü və yüzlərcə yaralının olduğu deyilir

ABŞ Qüdsdə səfirlik açdı: onlarca fələstinlinin öldürüldüyü və yüzlərcə yaralının olduğu deyilir
15 May 2018
Mətni dəyiş

Qəzza Zolağında İsrailin çəkdiyi hasar zonasında azı 52 fələstinli İsrail qoşunları tərəfindən güllələnərək öldürülüb və 2400 nəfər yaralanıb, Fələstin rəsmiləri deyirlər.

2014-cü ildə Qəzza müharibəsindən bəri ən qanlı qarşıdurması hesab edilən bu hadisə ABŞ-ın Qüdsdə (Yerusəlimdə) mübahisəli səfirlik açmasından öncə başlayıb.

Fələstinlilər ABŞ-ın addımını İsrailə bütün şəhər üzərində nəzarətini gücləndirmək üçün göstərilən dəstək hesab edir.

Səfirliyin açılış tədbirində prezident Trump-ın videomüraciəti nümayiş olunub. Həmin müraciətində Trump vurğulayıb ki, "İsrail süveren dövlət olaraq başqa suveren dövlətlər kimi öz paytaxtını müəyyən etmək hüququna malikdir".

ABŞ-ın Qüdsdə səfirlik açması İsrail tərəfindən alqışlanır, lakin fələstinlilər tərəfindən pislənilir.

Şərqi Qüdsü gələcək paytaxtları sayan fələstinlilər son altı həftə ərzində Qəzzanın islamçı Həmas idarəçiliyinin rəhbərliyi altında "Böyük Qayıdış Yürüşü" adı altında kütləvi etiraz aksiyaları keçirirlər.

İsrail bildirir ki, etirazçılar sərhəd hasarını dağıtmaq istəyirlər.

Bazar ertəsi öldürülənlər arasında uşaqlar var, azı 2400 insan yaralanıb, Həmas hökümətinin Səhiyyə Nazirliyi bildirib.

Fələstinlilər daş və alov bombalarından istifadə edirlər, İsrail hərbiyyəsi snayperlərdən istifadə edir.

İsrail ordusunun bildirdiyinə görə, "zorakı üsyanlarda" 35000 fələstinli iştirak edir.

İsrail "standard prosedurlar çərçivəsində" hərəkət etdiyini bildirir.

Mübahisə necə yaranıb?

Fələstinlilər Şərqi Qüdsü özlərinin gələcək paytaxtı sayır və ABŞ-ın addımını İsrailə bütün şəhər üzərində nəzarətini gücləndirmək üçün göstərilən dəstək sayır.

Öz növbəsində, İsrail Qüdsü öz bölünməz paytaxtı hesab edir.

Prezident Trump-ön ötən il qəbul etdiyi Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ABŞ-ın bu məsələdə neytrallığını pozmaqla yanaşı, beynəlxalq birliyin əksər hissəsinin mövqeyi ilə ziddiyyət təşkil edir.

Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin köklü problemlərindəndir.

1993-cü ilin İsrail-Fələstin sülh razılığına əsasən, Qüdsün statusu sülh danışıqlarının sonuncu mərhələlərində müzakirə olunmalıdır.

1967-ci ildən bəri İsrail Şərqi Qüdsdə 200 min yəhudinin məskunlaşdığı onlarla məskən inşa edib.

Beynəlxalq hüquq İsrail tərəfindən həmin məskənlərin yaradılmasını qanunsuz sayır, lakin İsrail bu dəyərləndirmə ilə razı deyil.

1980-ci ildə İsrail Qüdsü öz paytaxtı elan edən qanun qəbul edib. Hərçənd ki, bundan sonra, müxtəlif ölkələr səfirliklərini Qüdsdən çıxardılar.

Hər il mayın 15-də, İsrail təsis edilən gündən bir gün sonra, fələstinlilər Fəlakət gününü qeyd edirlər. Həmin gün 1948-ci ildə yüz minlərlə insan öz yaşayış yerlərindən çıxarılıb və ya evlərini tərk etməli olublar.

ABŞ-ın kiçik müvəqqəti səfirliyi bazar ertəsi artıq burada fəaliyyət göstərən ABŞ konsulluğu binasında işə başlayıb.

Daha böyük sahə tapılandan sonra isə səfirliyin qalan hissəsi də Təl-Əviv şəhərindən Qüdsə köçürüləcək.

ABŞ səfirliyinin açılışı 

Qüdsdə ABŞ səfirliyinin açılış mərasimi ABŞ-ın İsraildə səfiri David Friedman-ın çıxışı ilə başlayıb.

David Friedman səfirliyi rəsmən açıq elan edib: "Bugün, biz Qüdsdə Amerika Biləşmiş Ştatlarının İsraildə səfirliyini açırıq, - David Friedman deyib - ABŞ növbəti dəfə bu məsələdə birinci addım atan ölkə olaraq bu yolun önündə gedir".

Səfir prezident Trump-ın bu addımı atmaqla "cəsarət göstərdiyini" qeyd edib.

Tədbirdə prezident Trump-ın video-müraciəti nümayiş olunub. Həmin müraciətində Trump vurğulayıb ki, "İsrail süveren dövlət olaraq başqa suveren dövlətlər kimi öz paytaxtını müəyyən etmək hüququna malikdir".

Açılış mərasiminin tarixi İsrailin yaranmasının 70 illiyilə eyni vaxta düşməsi üçün qabağa çəkilib.

Açılış tədbirində prezident Trump-ın müraciəti açıqlanıb.

Tədbirə Ağ Evin müşavirləri qismində İsrailə gəlmiş İvanka Trump və Jared Kushner, eləcə də ABŞ Maliyyə naziri Steven Mnuchin və Dövlət katibinin müavini John Sullivan qatılıblar.

ABŞ səfirliyinin Qüdsə köçülməsinə Avropa İttifaqı ciddi tərzdə etirazını bildirib.

İsrailin və fələstinlilərin reaksiyası

İsrailin Baş naziri Benjamin Netanyahu bütün ölkələri ABŞ-ın hərəkətini təkrarlamağa çağırıb.

Fələstin İdarəçiliyinin prezidenti Mahmud Abbas Trump-ın qərarını "əsrin təhqiri" adlandırıb.

Minlərlə fələstinli bazar günü etiraz bildirmək üçün İsraili Qəzza Zolağından ayıran hasarın qarşısına toplaşıb.

Martın sonundan İsrail əsgərləri ilə toqquşmalarda 40-dan çox fələstinli öldürülüb.

BMT insan haqları komisiyasının başçısı Zeid Raad əl-Hüseyn İsraili "həddən artıq güc" istifadə etməkdə ittiham edib.

İsrail təkid edir ki, qanun çərçivəsinə mülki əhalini silahlılardan qorumaq üçün tədbirlər görüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun