ABŞ İrana yeni sanksiyalar tətbiq edir

ABŞ İrana yeni sanksiyalar tətbiq edir
31 May 2018
Mətni dəyiş

ABŞ-ın Maliyyə Nazirliyi 6 iranlı və bədnam Evin həbsxanası da daxil İranda mənzillənmiş 6 qurum üzərinə insan haqlarının pozulması və İran vətəndaşları ilə pis rəftara görə sanksiyalar elan edib.

Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) mayın 30-da bildirib ki, Evinlə yanaşı sanksiyalanan iki digər qurum Ənsare Hizbullah və Hanista Programming Group şirkətidir.

Nazirliyin bəyanatında deyilir ki, “bugünkü sanksiyalar İran rejiminin öz xalqına qarşı repressiyalarına, habelə söz, ifadə və sərbəst toplaşma azadlıqlarının boğulmasına cavabdır”.

OFAC qaydalarına uyğun olaraq sanksiyalanan fərd və qurumların ABŞ və xarici maliyyə təsisatları ilə münasibətləri məhdudlaşdırılır.

Maliyyə Nazirliyi bundan əvvəl Tehran Həbsxanalar İdarəsini və İranda “insan haqlarının ciddi pozulması ilə əlaqəli vəzifəli şəxsi” hədəfləmişdi.

Nazirliyinin son bəyanatında deyilir ki, Evin həbsxanasının məhbusları həbsxana rəhbərliyi tərəfindən cinsi təcavüz də daxil fiziki hücumlara və elektrik cərəyanı ilə cəzalndırılmaya məruz qalırlar.

Barələrində sanksiyalar elan edilmiş azı üç fərd həm də Ənsare Hizbullah və ya Allah tərəfdarlarının Partiyası kimi tanınan Hizbullah təşkilatına bağlıdırlar.

Bəyanatda deyilir ki, Ənsare Hizbullah İran vətəndaşlarına qarşı qəddar repressiyalarda iştirak edib, tələbələrə bıçaq, gözyaşardıcı qaz və elektrik dəyənəkləri ilə hücum edən Bəsic qüvvələrini dəstəkləyib.

ABŞ İsfahan şəhərində qadınların üzərinə kimyəvi turşu hücumlarını da bu təşkilatla bağlayır.

Bu təşkilatın lideri Abdolhamid Mohtasham-ə qarşı da sanksiya irəli sürülüb.

Bəyanatda deyilir ki, Hanista Programing Group kompüter şəbəkələrinin işinin pozulmasına, monitorinqinə və izlənməsinə imkan verən informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üçün məsul sayılır.

ABŞ prezidenti Donald Trump mart ayında Birləşmiş Ştatların İranla 2015-ci il nüvə sazişindən çıxmasını elan edəndən bəri İran rəsmilərinin və İran şirklətlərinin sanksiyalanması halları artıb.

Mayın 24-də sanksiya altında olan İran Hava Yolları şirkətinə ehtiyat hissələrinin və xidmətlərin alınmasında yardımçı olmuş 9 nəfərə qarşı sanksiyalar irəli sürülmüşdü.

Bundan iki gün əvvəl isə ABŞ Maliyyə Nazirliyi İslam İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələriilə bağlı olan rəsmilərə sanksiyalar elan etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun