Əfv Komissiyası işini yekunlaşdırdı

Əfv Komissiyası işini yekunlaşdırdı
18 May 2018
Mətni dəyiş

Martın 17-də Əfv Komissiyasının sonuncu iclası keçirilib və komissiya yekun siyahını hazırlayıb.

Məlumatı Meydan TV-yə komissiyanın üzvü Əliməmməd Nuriyev verib.

Komissiya üzvü son iclasda 100-dən çox müraciətə baxıldığını deyib:

“Beləliklə, baxılan müraciətlərin sayı 1100-ə çatıb. Artıq komissiyanın iclaslarının başa çatdığını hesab etmək olar. Çünki bizə daxil olan müraciətlərin hamısına baxmışıq. Sonuncu iclasda indiyədək müsbət rəy verilən müraciətlərin siyahısının cənab prezidentə təqdim olunması ilə bağlı qərar qəbul edilib”.

Sonuncu əfv sərəncamı 2017-cı ilin martın 16-da imzalanıb. 423 nəfərə şamil olunan sərəncamda İsmayıllı hadisələrinə görə həbs olunan bir neçə şəxs, NİDA Vətəndaş Hərəkatının təmsilçisi Əbdül Əbilov, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin və Meydan TV-nin rəhbəri Emin Millinin qohumları yer alırdı.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 150-dən çox siyasi məhbusun olduğunu desələr də, hökumət təmsilçiləri bunu təkzib edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun