Zibilxana YAPanlar - Rəhman Məmmədli

Zibilxana YAPanlar - Rəhman Məmmədli
20 Aprel 2018
Mətni dəyiş

Rəhman Məmmədli

El məsəli var, deyirlər allah bir tərəfdən alanda başqa tərəfdən verir. Amma məsəlin mənsub olduğu el özü həmin məsəli səhv çıxarmaqda ustadır. Xeyli adam var ki, onlardan alınıb, amma verilməyib. Seçki dönəmindəki müşahidələrim bu nəticəyə gəlməyimə səbəb oldu. İlahi, ölkədə heç bir iş bacarmayan nə qədər adam var?! Müxalifətin boykot etdiyi seçkidə bu kütləni sezmək, yaxından tanımaq daha asan oldu. Çünki həmin adamların hamısı iqtidar cəbhəsində yer alıb və əksəriyyəti alternativsiz seçkidə "şəhid" oldu.

Ölkədəki olmayan siyasi mühitin, təcrid olunmuş medianın, xeyli sayda siyasi məhbusun olduğunu əsas gətirən müxalif düşərgə, indiki məqamda seçkinin hüquqi və siyasi baxımdan qanunsuz olduğunu deyərək, məlum qərarı verdi. Bundan qıcıqlanan fədakar troll ordusu isə aylardır susmaq bilmir. Danışmaq, fikrini ifadə etmək normal bir şeydir (burada Heydər Əliyevin məşhur kəlamını xatırladım: fikir müxtəlifliyi təbii hadisədir). Amma adam danışanda da gərək bir normal söz danışa. İqtidar cəbhəsində normal danışan adam sayı kresloya görə bir-birini qıran klan sayından azdır, yəni 1-2 nəfər olar, ya olmaz.

125 dairənin heç birində normal seçki keçirilmədiyini nəinki ölkəmizdə, hətta ölkəmizin hüdudlarından kənarda da hər kəs bilir. Amma bu bacarıqsız zalım uşağı ən sadə işləri belə biabırçı şəkildə əlinə-üzünə bulaşdırıb. Seçki günü bir neçə aktivistin sosial şəbəkələrdə yazdıqlarına diqqət etmək kifayət edir ki, İlham Əliyev uğrunda döyüşlərdə iştirak edənlərin nə qədər istedadsız, heç bir iş bacarmayan olduğuna əmin olaq. Hamilə qadına verilən iki bülleteni bətnindəki uşaqla əlaqələndirən məntəqə sədri tərəfimizdən axtarılır. Belə bir adamın ümidinə qalan, ondan mədət uman İlham Əliyev yəqin ki, arzuladığı qədər hakimiyyətdə qala bilməyəcək. Qala bilərdi, bəlkə bu qədər fədakarın arasında bir ağlı başında adam olsaydı, amma yoxdur.

Rəsmi açıqlamada 80%-dən çox seçici aktivliyi, 95 %-dən çox İlham Əliyev aktivliyi göstərən Naxçıvan Muxtar Respublikasında 95 yox, heç 81 normal adam yox idi ki, məntəqə sədri edələr. Nəticədə, hamilə qadına verilən iki bülletenə sərsəm açıqlama verən məntəqə sədri böyük torpağın payına düşdü. 450 min əhalisi olan muxtar respublikada hazırda real əhalinin sayı 200 mini keçmir. Deməli seçki hüququna malik adam sayı bundan da azdır. Bəs 81 % aktivlik hardan çıxdı? Bəli, böyük torpağın başına düşən daşın altından. Müşahidələr göstərir ki, real aktivlik 5 %-dən az olub. Amma o boyda muxtar respublikaya sahiblənən 5 adam ürəyi istəyən hər şeyi edir. Tək onlar yox ha, elə adicə məntəqə sədrləri də. Məsələn 238 nəfərin qeydiyyatda olduğu, 59 nəfərin səs verdiyi məntəqənin qutusundan 201 bülleten çıxıb. Həmin kənddə cəmi 70 adam yaşayır, əgər ona yaşamaq demək mümkündürsə. Amma seçici aktivliyi 80 %-dən çox olub. Yəni 5 nəfər güc sahibi istəyərsə, kənddən çox-çox uzaqlarda yaşayan insanlar cismən olmasa da, ruhən seçkidə iştirak edə bilər.

Bu ölkədə artıq hər şey mümkündür, nəyəsə təəccüblənən şəxslər bizi təəccübləndirir. Axı anlamaq çətin deyil ki, cənab prezidentin istəklərinin həyata keçməsi üçün edilməyəcək heç nə yoxdur. O, nəyə ol deyərsə, olar, istəməsə, heç nə olmaz. Kərəminə şükür, cənab prezident. Həsənovuna da, Mustafayevinə də, hətta bütün Həsənovlarına, Mustafayevlərinə, Mehdiyevlərinə, yoxsa sizinçün çox çətin olar, həm 4-cü dəfə prezidentlik etmək, həm də tarixin zibilxanasına tək getmək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun