"Senzuranı qanuniləşdirmək cəhdləri effekt verməyəcək"

"Senzuranı qanuniləşdirmək cəhdləri effekt verməyəcək"
27 Aprel 2018
Mətni dəyiş

Milli Məclisdə Mətbuat Şurası (MŞ) haqqında qanun layihəsinin hazırlanması və KİV haqqında qanuna dəyişikliklər edilməsi təklif edilib. Bundan başqa, Milli Məclis üzvləri tərəfindən tez-tez sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı rəylər də səsləndirilir. Bütün bunlar medianın daha da boğulacağını göstərir? Turan agentliyinin bu suallarını media eksperti, hüquqşünas Ələsgər Məmmədli cavablandırır.

- Ələsgər bəy, Milli Məclisin üzvləri Mətbuat Şura haqqında qanun layihəsi hazırlanması haqqında fikirlər səsləndiriblər. Sizcə, ictimai təşkilat haqqında ayrıca bir qanun hazırlanması doğru addımdırmı? Bu addım Mətbuat Şurasını bir dövlət qurumuna çevirə bilərmi?

- Azərbaycanda artıq QHT-lər və Fondlar haqqında qanun var. Əgər söhbət bunun qanuni təminatından gedirsə, Mətbuat Şurası da bir QHT olaraq, yəni jurnalistlərin özünütənzimləyici qurumu olaraq bu kateqoriyada hüquq çərçivəsindədir.

Amma əgər söhbət ayrıca bir qanun çərçivəsində Mətbuat Şurasının statusunun dəyişdirilməsindən gedirsə, o, artıq müəyyən qanun əsasında qurulan hökumət təşkilatı halına gələcək. Jurnalistlər Mətbuat Şurasını özünü tənzimləyən bir qurum kimi yaratmışdı və dünyanın heç bir yerində özünü tənzimləyən qruplar qanunla formalaşmır. Yəni onlar hüquq çərçivəsində olur, ümumi imkanlardan faydalanırlar.

Buna görə Mətbuat Şurasına inzibatı səlahiyyətlər vermək, qanun əsasında onu əlavə səlahiyyətlərlə təmin etmək 1998-ci ildə ləğv olunan Mətbuat və İnformasiya Nazirliyinin yenidən başqa bir ad altında, başqa bir formatda bərpası deməkdir.

Bu isə Avropa Şurasının üzvü olan Azərbaycan üçün qəbulolunmazdır. Azərbaycan məhz Avropa Şurası qərar verdikdən sonra Mətbuat Nazirliyini ləğv etmiş və KİV haqqında qanunu liberallaşdırmışdı.

Bu baxımdan Mətbuat Şurasının belə bir ideyaya razılıq verməsini təəccüb və təəssüflə qarşıladım. Çünki Mətbuat Şurasında olan şəxslər ən azından qurumun hansı məqsədlə yaradıldığını və mətbuatın özünü tənzimləmə qurumunun xarakterik xüsusiyyətinin nə olduğunu bilməlidirlər.

MŞ-nin inzibati orqana çevrilməsi onun funksiyalarından uzaqlaşmağa gətirib çıxaracaq və bu zaman, böyük ehtimalla, jurnalistlər özləri üçün tənzimləyici qurum kimi başqa Mətbuat Şurası yaradacaqlar.

- Milli Məclisdə həmçinin KİV haqqında qanuna da bəzi dəyişikliklərin edilməsi fikirləri səsləndirilir. Və səsləndirilən fikirlərdə daha çox qanunda senzuranın yolverilməzliyi ilə bağlı maddələrə təklif edilən dəyişikliklər diqqət çəkir. Bunu yenidən senzuranın tətbiq etmək cəhdi adlandırmaq olarmı?

- Əslində senzuranın ləğv olunduğu 1998-ci ildən öncəki vəziyyətə qayıdış prosesi gedir. Mətbuat və İnformasiya Nazirliyi də 1998-ci ildə ləğv olunmuşdu. Amma bunların hər ikisinin ləğv olunmasının səbəbi 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın maddələrinin 1998-ci ildə qüvvəyə minməsi idi. Yəni mövcud Azərbaycan Konstitusiyası senzuranın istisnasız yolverilməz olduğunu 50-ci maddədə çox açıq şəkildə göstərir. 50-ci maddənin 3-cü bəndində çox aydın ifadə var ki, Kütləvi İnformasiya Vasitələrində dövlət senzurası qadağandır. Bu, o deməkdir ki, dövlət hətta fövqəladə vəziyyət və ya hərbi vəziyyət zamanı belə senzura tətbiq etməyəcək.

Məhdudiyyətlər tətbiq edilə bilər, amma onlar senzura ilə eyni deyil. Məhdudiyyət yalnız "nəyi yazmaq olmaz"ları göstərir.

Senzura isə "baxım, sonra yayım" deməkdir.

Yəni məhdudiyyət olduqda ona riayət edərək hərəkət edirsən. Senzura isə o deməkdir ki, senzor baxıb icazə verənə qədər heç nə dərc etmək olmaz. Bunlar bir-birindən fərqlidir.

2017-ci ildə yenidən "Hərbi vəziyyət haqqında" qanun qəbul edilib. 1998-ci ildən öncə qüvvədə olan əvvəlki qanunda senzura tələb edən müddəa var. Amma 1998-ci ildə o, hüquqi qüvvəsini itirmişdi. Çünki "Normativ Hüquqi Aktlar Haqqında" Konstisusiya qanununda da, Konstitusiyanın özündə aydın şəkildə göstərilib ki, Konstitusiya normalarına zidd olan qanun varsa, onun hüquqi qüvvəsi olmaz.

Konstitusiya birbaşa hüquqi qüvvədədir. Bu baxımdan, Konstitusiyadan öncə qəbul olunmuş "Hərbi vəziyyət haqqında" qanunda senzura tələbi bu maddənin işləməməsi deməkdir. Yəni o, praktiki olaraq funksiyasını itirir.

Amma parlamentin Konstitusiyaya zidd qanun qəbul etməsi artıq onun səlahiyyətlərini aşması deməkdir. Çünki Konstitusiyanın 71-ci maddəsində çox aydın şəkildə deyilir ki, hakimiyyətin hər üç qolu Konstitusiyada müəyyən olunan hüquq və azadlıqları ondan artıq məhdudlaşdıra bilməz. Yəni Konstitusiyanın özündə olmayan məhdudiyyəti gətirə bilməz.

Bu baxımdan, KİV-ə istər "Hərbi vəziyyət haqqında" qanunda, istər "Fövqəladə vəziyyət haqqında" qanunda gətirilən senzura açıq şəkildə Konstitusiyanı tapdalamaqdır, ayaq altına almaqdır.

Mən düşünürəm ki, Konstitusiya Məhkəməsi dərhal buna rəy bildirməli idi. Çünki Konstitusiya Məhkəməsinin tək funksiyası var, Konstitusiyanın riayət olunmasına nəzarət etmək.

Parlament hakimiyyətin bir qoludur və Konstitusiyaya uyğun hərəkət etmək məcburiyyətindədir. Deputatların Konstitusiyanı pozmaq kimi bir lüksü ola bilməz.

- Rusiyada "Telegram" sosial şəbəkəsi məhkəmə qərarı ilə qadağan olundu. Növbəti addım kimi isə "Facebook" sosial şəbəkəsinin qadağan olunacağı gözlənilir.

Azərbaycanda da tez-tez sosial şəbəkələrin qapadılması, məhdudlaşdırılması kimi fikirlər səsləndirilir. Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi?

- Bilirsiniz, göz yummaqla günəşi qapatmaq olmaz. Sən sadəcə özünü aldada bilərsən. Sən gözünü yumarsan, işığı görməzsən, amma günəş yerində qalar. Sosial şəbəkələri bloklamaqla reallıqdan uzaqlaşmaq mümkün deyil. Əgər Azərbaycan hökuməti ölkədə sosial şəbəkənin istifadəsini qadağan etmək istəyirsə, gərək bütün interneti kəsə.

İnterneti kəsmək sivilizasiyadan tamamilə təcrid olmaq deməkdir. Nə hökumətin, nə şəxsiyyətin belə bir addımı atması mümkündür. Ona görə Rusiyada və ya başqa yerdə sosial şəbəkəni bloklamaq cəhdləri əbəsdir.

Bizdə də "Azadlıq Radiosu"nun səhifəsi, "Meydan Tv"nin səhifəsi bloklanıb. Amma kimi dindirirsən, onlardan danışır, çünki dolayı yolla girmək çətin deyil. Buna görə qeyri-legitim hüquqi tənzimləmə tətbiq etmək mənasızdır.

Sizin dediyiniz bu məqam çox önəmlidir, təəssüf ki, bu iddialar üst səviyyədə səsləndirilir. Və heç də təsadüfi səsləndirilmir. Bu, plüralist cəmiyyəti özünə təhdid kimi görənlərin siyasətidir.

Dolaylı proqramları (VPN-ləri, proxyləri və s.) "cinayət" əməli kimi qəbul etsək, ümumiyyətlə o ölkə heç bir halda demokratiyadan, hüququn aliliyindən, azadlıqdan bəhs edə bilməz.

Buna görə sosial şəbəkələrin bloklanması ilə bağlı bütün təklifləri tamamən yersiz və imkansız hesab edirəm. Onu da qeyd edim ki, Azərbaycanda sosial media istər Rusiyadan, istərsə də digər ölkələrdən daha geniş nəzarət altındadır, hüquqi baxımdan tənzimlənir.

Anonim hesablarla bağlı məsuliyyət məsələsinin Cinayət Məcəlləsinə salınması məqsədilə İnformasiyalaşdırma, İnformasiyanın Mühafizəsi haqqında qanuna gətirilən yeni fəsillər, müvafiq icra hakimiyyətinə verilən müstəsna səlahiyyətlər (hansı ki, onlar da qeyri-legitimdir) internet azadlığını kifayət qədər məhdudlaşdıran, daraldan məqamlardır.

- Ölkədə islahatlar olacağını söyləyənlər var. Sizcə, media sahəsində islahatların olma ehtimalının işartıları görünürmü?

- İndiyə qədər az müddət keçməyib. İdarəetmə təfəkkürü baxımından baxdıqda, islahat olacağını düşünmək özünü aldatmaqdır. Mən hər hansı bir islahatın olacağını düşünmürəm. Ona görə ki, medianın önəmli bir hissəsi - yayım mediası tamamilə nəzarət altındadır və çox dar məqsədlərə xidmət edir.

Amma bu gün cəmiyyətdə plüralizmi təmin etməyən yayım KİV-ləri deyil, sosial media daha çox önə çıxır. Azərbaycanda alternativ düşüncənin və paralel olaraq plüralist düşüncənin yeganə müzakirə mühiti sosial mediadır.

Düzdür, orada da sui-istifadə hallarından istifadə edənlər də var, istər hökumətin, istər müxalifətin trolları da var. Amma mahiyyət etibarı ilə yenə də bir çoxumuz öz düşüncələrimizi burada rahat şəkildə ictimaiyyətə çatdıra bilirik. Bu baxımdan da medianın hansısa islahat prosesi ilə üz-üzə qalacağını düşünmürəm.

Televiziya və radio sahəsində vəziyyət, təəssüf ki, olduğu kimi qalacaq. Azərbaycanda qəzetlər plüralist olmadığı üçün oxunmur. Telekanallara da eyni səbəbdən baxılmır. Bu, heç də internet mediasının inkişafı ilə bağlı deyil. Bu, tamamilə qeyri- peşəkarlığın yaratdığı bir nəticədir.

Məsələn, İngiltərədə araştırmada ilk yeddi yerdən beşi ən çox oxunan media saytlarıdır. Yəni ənənəvi medianın elektron resursları yenə öndədir. Bu, o deməkdir ki, ənənəvi media öz funksiyasını həyata keçirir ki, onun resursları önə çıxır.

Bizdəki problem əslində internetin gəlib bütün medianı ayaqlayıb keçməsindən yaranmayıb. Bizdəki problem elə medianın öz peşəkarlığından, funksionallığından geri çəkilməsindən yaranan boşluğu sosial medianın doldurmasıdır.

Buna görə hadisələrin şıqlandırılması siyasəti dəyişmədiyi, medianın hökumət nəzarətinə alınması prosesi və maliyyələşmə prosesi dayanmadığı müddətcə azad media və mediada islahat gözləntilərimiz tamamilə gözlənti olaraq qalacaq.

- Ələsgər bəy, siz yeni bir qurum təsis etmisiniz - Media klubu. Belə bir fikir var ki, Media Klubu Mətbuat Şurasına alternativ olaraq yaradılıb. Bu qurumun əsas məqsədləri nədən ibarətdir?

- Mən konkret deyim ki, belə bir qurumun yaranmasının səbəbi mətbuatın qarşılaşdığı problemlər və bu problemlərdən çıxış yollarının axtarışıdır.

Səbəb həm də mətbuatın, jurnalistlərin fəaliyyətini tənzimləyəcək və dəstəkləyəcək qurumların bir çox halda göz yumması və ya bu proseslərə dolayısı ilə dəstək verməsidir.

Bu qurumda mediada bu və ya digər formada sözü keçən, ən azından bəlli bir təcrübəsi olan və hüquqi təcrübəsi olan bir araya gəlib ki, mətbuatın problemlərini gündəmə gətirə bilək, alternativ təkliflər irəli sürə bilək.

Əlbəttə, bizim məqsədimiz Mətbuat Şurasına alternativ olmaq deyil. Amma sabah Mətbuat Şurası başqa müstəvilərə keçəcəksə, o zaman, əminəm ki, hansısa alternativ Mətbuat Şurası ideyası gündəmə gələcək. Amma bu, Media Klubu olmayacaq.

Media Klubu aydın şəkildə məqsədlərini elan edib. Elan olunan məqsədlər bütün diskussiyalara, təkliflərə açıqdır. Əsas hədəfi medianın vəziyyətinin düzəldilməsi, jurnalistlərin daha rahat bir mühitdə fəaliyyət göstərməsidir.

Bu gün KİV - istər sosial media, istər digər meydanlar - çox vaxt insanların bir-birini qaralama yerinə çevrilir. Media belə olmamalıdır. Media tərəfsiz olub, tərəflərin mövqeyini ədalətli şəkildə balanslı işıqlandırmalıdır, azad fəaliyyət göstərməli və inkişaf etməlidir.

Jurnalistlər özlərini azad hiss etməlidir ki, bütün məsələlərə yanaşa bilsin, bütün problemləri cəmiyyətə göstərə bilsin. Media bir aynadır. Və ayna ləkəli olarsa, baş verənləri doğru göstərməyə bilər.

Media Klubu əslində bu funksiya ilə bir araya gələn bir neçə şəxsin qurduğu bir təşəbbüsdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun