REAL partiya oldu, İlqar Məmmədov onun sədri

REAL partiya oldu, İlqar Məmmədov onun sədri
9 Aprel 2018
Mətni dəyiş

REAL Hərəkatının qurultayı keçirilib.

Qurultayda hərəkat partiyaya çevrilib.

Bu barədə qurultay iştirakçılarından Natiq Cəfərli məlumat verib: «Bu qurultay keçirilmə forması baxımından tarixə düşəcək hadisələrdən biridir. Belə ki, aprelin 7-si və 8-də gerçəkləşən, yəni 48 saat davam edən qurultayın birinci hissəsi onlayn keçirilib. Qurultay nizamnamədən irəli gələrək, açıq səsvermə ilə partiyanın 40 nəfərlik Məclisini, İdarə Heyətini seçib. Partiya sədrliyinə isə alternativ olmayıb. Qurultay nümayəndələri açıq səsvermə ilə hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovu partiyanın sədri seçib».

N.Cəfərlinin bildirməsinə görə, partiya proqram və nizamnaməsinə dəyişikliklər gizli səsvermə ilə olmalı idi. O vurğulayıb ki, aprelin 8-də REAL Hərəkatinin ofisində qurultay nümayəndələrinə seçki keçirmək imkanı yaradılıb.

N.Cəfərlinin deməsinə görə, səsvermə səhər saat 10:00-dan axşam saat 18:00-a kimi davam edib.

N.Cəfərli deyib ki, yaxın günlərdə partiya Məclisi toplanaraq öz rəhbər şəxslərini seçəcək və qurumları təsis edəcəklər.

REAL dəfələrlə Bakı şəhər rəhbərliyinə və biznes mərkəzlərinə qurultay keçirmək məqsədilə yer ayrılması xahişi ilə müraciətlər etmişdi. Lakin onların müraciətinə müsbət cavab verilməmişdi.

Nəhayət, qurultayın ötən il dekabrın 17-də Müsavat Partiyasının qərargahında keçirilməsi gözlənilirdi. Ancaq deyilən vaxta bir neçə gün qalmış Müsavat Partiyasının rəhbərliyi bildirdi ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun adından onlara məktub gəlib. Verilən məlumata görə, məktubda partiyaya xəbərdarlıq edilib ki, onlarla bağlanmış müqaviləyə əsasən, binanı üçüncü qurum icarə götürə bilməz.

«Müsavat Partiyasının rəhbərliyi Respublikaçı Alternativ Təşkilat Komitəsinə müraciət edib. Hakimiyyətin təzyiqləri, xüsusən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hüquqi iddiaları ilə bağlı məsələlərə aydınlıq gələnədək Təsis qurultayının onların binasında keçirilməsini müvəqqəti təxirə salmağı təklif edib», - həmin vaxt REAL Hərəkatının açıqlamasında vurğulanırdı.

Hərəkat onda da qurultayı təxirə salmalı olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun