Qarabağ döyüşlərində həlak olan hərbçilərin sığorta pulları veriləcək

Qarabağ döyüşlərində həlak olan hərbçilərin sığorta pulları veriləcək
19 Aprel 2018
Mətni dəyiş

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.

Aprelin 19-da imzalanan fərman 1997-ci il avqustun 2-dək olan dövrü əhatə edir.

Bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Birdəfəlik ödəməni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

Söhbət həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak və ya itkin düşdüyünə görə sığorta ödənilməyən insanlardan gedir.

Fərmanda tələb edilən sənədlər də açıqlanır. Bura hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, məhkəmə qərarı, birdəfəlik ödəməni almaqdan ötrü müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd və onun bank hesabı nömrəsinə dair arayış daxildir.

Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti onların siyahısını Müdafiə Nazirliyi və bir sıra dövlət qurumları ilə birgə müəyyən etməlidir. Siyahı üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmalıdır.

Sənəddə vurğulanır ki, 1997-ci il avqustun 2-də «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanun qüvvəyə minib.

Bundan sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşıb. Qanuna uyğun olaraq, 1997-ci il avqustun 2-də belə insanlara görə sığorta ödənişlərinin verilməsinə başlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun