Peşə təhsili alan şəxslərə möhlət hüququ veriləcək

Aprelin 24-də Milli Məclisin plenar iclası keçirilib.

İclasda “Peşə təhsili haqqında” Qanun qəbul edilib.

APA-nın xəbərinə görə, qanun layihəsini təqdim edən komitə sədri İsa Həbibbəyli bildirib ki, sənəd 5 fəsil, 26 maddədən ibarətdir. Layihə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin əsaslarını müəyyən edir.

Qanuna görə, peşə təhsili almış şəxslərə növbəti təhsil pilləsinə qəbul prosesində iştirakdan ötrü bir çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

Qanun əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də peşə təhsili müəssisəsinin təsisçisi ola bilmək imkanı verəcək. Qanunda həmçinin, peşə təhsili müəssisələrinə lisenziyaların müddətsiz verilməsi təklif olunur.

İ.Həbibbəylinin sözlərinə görə, qanun Azərbaycanda peşə təhsilinin inkişafına stimul verə biləcək məqamlara şərait yaradacaq.