Orduxan Teymurxanın bacısı oğlu saxlanılıb

Orduxan Teymurxanın bacısı oğlu saxlanılıb
30 Aprel 2018
Mətni dəyiş

Avropada yaşayan mühacir bloqqer Orduxan Teymurxanın bacısı oğlu Tural Əliyevin saxlandığı bildirilir.

Bu barədə O.Teymurxanın özü bildirib.

Onun deməsinə görə, 19 yaşlı Tural Əliyev Bakı Dövlət  Universitetinin kimya fakültəsində oxuyur. O.Teymurxan vurğulayıb ki, T.Əliyev universitetdən qayıdanda yolda saxlanıb:

“Yoldan zorla aparılıb. Deyirlər, 2 ay müddətinə inzibati qaydada həbs ediblər. Hansı maddə ilə həbs olunduğu bilinmir”.

Bu deyilənləri, hələlik, hüquq mühafizə orqanlarından dəqiqləşdirmlük mümkün olmayıb.

Bu ilin fevral ayında da Orduxan Teymurxanın yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilirdi. Onda da deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Orduxan Teymurxan vurğulamışdı ki, Avropada fəaliyyəti ilə bağlı Azərbaycanda onun yaxınlarını incidirlər. Son həftələr O.Teymurxan və Azərbaycandan mühacirət edən bəzi fəallar Avropa şəhərlərində prezident İlham Əliyevin nimunəsində “ Diktatoru tanıdaq” aksiyası keçiriblər.

Ancaq mühacirlərin oxşar şikayəti ilə bağlı Daxili İşlər Nazirliyin mətbuat xidmətindən bir müddət öncə Azadlıq Radiosuna bildirmişdilər ki, Azərbaycanda heç kimin siyasi əqidəsinə görə, qohumları incidilmir.

Üstəlik, rəsmilər prezident İlham Əliyevin diktator sayılması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun