''Leyla Şıxlinskayanın itinə hər ay 500 manat ayrılıb''

''Leyla Şıxlinskayanın itinə hər ay 500 manat ayrılıb''
27 Aprel 2018
Mətni dəyiş

Xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın mühasibatlığından onun itinin aylıq xərci üçün 500 manat ayrılırmış.

Bu, L.Şıxlinskayanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş klinikanın yeddi nəfər keçmiş əməkdaşının məhkəməsində məlum olub.

Aprelin 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə prosesdə klinikanın maliyyə məsələləri ilə bağlı rəy vermiş ekspert Zaur Məmmədov dindirilərkən təqsirləndirilən şəxslərdən birinin vəkili ondan araşdırdığı sənədlər barədə soruşub, onların mühasibatlıq sənədi olub-olmaması haqda sual verib. Suallardan biri də belə olub: "Həmin sənədlərdə Leyla Şıxlinskayanın itinin yeməyi üçün 500 manatlıq xərc yazılıb. O da mühasibatlıq sənədidir?"

Ekspert bildirib ki, o, yalnız rəqəmlər əsasında rəy verib.

Vəkil daha sonra yenidən ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub. Bu iş üzrə məhkəmə ekspertizanın rəyi məlum olana qədər təxirə salınıb.

L.Şıxlinskayanın şikayəti əsasında məsuliyyətə cəlb olunan keçmiş işçiləri bunlardır: baş mühasib olmuş Şəhla Abbasova, onun müavini Polad Əliyev, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevaya. Onlara qarşı CM-nin 313 (vəzifəsaxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər həbsdə deyil.

L.Şıxlinskayanın nümayəndəsi məhkəmədə təqsirləndirilən şəxslərə qarşı 804 minlik mülki iddia qaldırıb.

Lakin klinikanın işçiləri özləri təqsirli bilmir, onlara verilmiş yeyinti barədə ittihamların yalan olduğunu deyirlər. Bildirirlər ki, L.Şıxlinskaya özü gəlirlərin az göstərilməsi, işçilərin maaşının rəsmi sənədlərdə faktiki verildiyindən dəfələrlə aşağı yazılması haqda göstəriş vermişdi. Məqsəd isə vergidən yayınmaq idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun