Hüseyn Abdullayevə qarşı yeni ittihamlar irəli sürülüb

Hüseyn Abdullayevə qarşı yeni ittihamlar irəli sürülüb
26 Aprel 2018
Mətni dəyiş

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri aprelin 23-də Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat Hüseyn Abdullayev haqda məlumat yayıblar.

Bildirlir ki, Vergilər Nazirliyinin apardığı səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

“İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Hüseyn Abdullayev iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs-qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub”.

İddia olunur ki, Hüseyn Abdullayev 3 oktyabr 2016-cı idə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək, 966 min manat məbləğində gəlir əldə edib. Onun Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Məlumatda Hüseyn Abdullayevin cinayət işi üzrə seçdiyi müdafiəçinin iştirakı ilə dindirildiyi və ona ittihamın elan edildiyi qeyd olunub:

“Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib, zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək, onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək, icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb edib. Bununla bağlı əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib” – məlumatda deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun