Dövlət Departamentinin hesabatında Azərbaycanda ciddi insan haqları pozuntularından bəhs edilir

Dövlət Departamentinin hesabatında Azərbaycanda ciddi insan haqları pozuntularından bəhs edilir
21 Aprel 2018
Mətni dəyiş

ABŞ Dövlət Departamentinin yeni hesabatında Rusiya, Çin, İran və Şimali Koreyanın hökumətləri “mənəvi baxımdan qınağa layiq” adlandırılır.

Qeyd edilir ki, bu hökumətlərin insan haqlarını gündəlik qaydada pozması onları “sabitsizlik qüvvələrinə” çevirib.

Ölkəbəölkə İnsan Haqları Hesabatı 2017 adlı sənədi təqdim edərkən dövlət katibi əvəzi John Sullivan deyib ki, bəzi hökumətlər təhlükəsizliyi və adamların ehtiyaclarını təmin edə bilmədiyi halda, bəzi ölkələr bunu sadəcə olaraq “etmək istəmirlər”.

Sullivan deyib ki, “ifadə və sərbəst toplaşma azadlıqlarını boğan, dini, etnik və başqa azlıqlara qarşı zorakılıqların baş verməsinə yol verən və ya insanın təməl ləyaqətini sarsıdan dövlətlər mənəvi baxımdan qınağa layiqdirlər”.

Sullivan bildirib ki, Çin, Rusiya, İran və Şimali Koreya öz sərhədləri daxilində insan haqlarını gündəlik qaydada pozurlar və nəticədə “sabitsizlik qüvvələrinə” çevriliblər.

Hesabatın Rusiyaya aid hissəsində Moskvanın “Ukraynanın şərqindəki separatçıları silahlandırmaqda, onlara təlim və silah verməkdə davam etməsi” kəskin tənqid olunur.

AzadlıqRadiosu yazır ki, hesabatın Rusiyanı kəskin tənqidi prezident Trump-ın Moskva ilə daha yaxşı münasibətlərə can atmasını bildirməsi ilə ziddiyyət təşkil edir.

Hesabatda deyilir ki, Rusiya siyasi motivli həbsləri, Ukrayna vətəndaşlarının qanunsuz mühakimələrini davam etdirir. Bu adamların bir çoxu Rusiya həbsxanalarında işgəncələrə məruz qaldıqlarını deyirlər.

Dövlət Departamentinin hesabatında bu da deyilir ki, Rusiya hökumətinin Şimali Qafqazda qiyamçılara, İslam yaraqlılarına və cinayətlkarlara qarşı mübarizəsi çox vaxt insan haqlarının ciddi pozuntuları ilə müşayiət olunur.

Sənəddə deyilir: “Ramzan Kadırovun hökuməti Çeçenistanda cəzasızlıq şəraitində qanunsuzluqlar törədir”.

Hesabatda vurğulanır ki, bu qanun pozuntularından heç biri lazımi şəkildə və ədalətlə araşdırılmır.

Hesabatda 200-dək ölkədəki vəziyyət təhlil edilib, lakin onlar indeks cədvəlində müqayisə olunmayıb.

Azərbaycan - korrusiyadan qanunsuz ölümlərədək

Hesabatın Azərbaycana aid fəslində deyilir ki, ölkədə ən əhəmiyyətli insan haqları pozuntularına - qanunsuz ölümlər, bəzən insan həyatı üçün təhlükəli həbsxana şəraiti, qanunsuz həbslər, ədliyyənin müstəqil olmaması, siyasi məhbuslar, böhtanın kriminallaşdırılması, jurnalistlərə fiziki hücumlar , şəxsi həyata müdaxilə, ifadə, sərbəst toplaşma azadlığına müdaxilələr və məhduddiyyətlər, jurnalistlərlə, müxalifət fiqurları ilə sərt rəftar, hərəkət azadlığının məhdudlaşdırılması, kütləvi hökumət korrupsiyası və sair daxildir.

Hesabatda müxalifətyönlü blogger Mehman Qələndərovun Kürdəxanı təcridxanasında müəmmalı ölümündən də söz açılır. Qeyd olunur ki, rəsmilər onun özünü asdığını bildirsələr də, bu iş üzrə heç bir araşdırma aparılmayıb, bloggerin özü isə tələm-tələsik basdırılıb.

Bundan başqa 2017-ci ilin may ayında casusluqda ittiham olunan beş hərbçinin naməlum şəraitdə ölməsindən söz açılır. Onların da tez bir şəkildə dəfn olunduğu deyilir.

Yerli insan haqları fəalları bunun işgəncə izlərinin ört basdır olunması üçün edildiyini deyiblər.

Hesabatda habelə Reportyorların Azadlığı və Təhlükəsizliyi Təşkilatının sədri Mehman Hüseynovun polisə müqavimət ittihamı ilə həbs olunduğu, həbsdəykən ona işgəncə verildiyi və sonradan iki il müddətinə azadlıqdan məhrum edildiyi qeyd olunur.

Bu da vurğulanır ki, Azərbaycan həbsxanalarında işgəncələrin kifayət qədər geniş yayılmasına baxmayaraq belə halların araşdırılmasına de facto qadağan qoyulub.

Sənəddə jurnalist Əfqan Muxtarlı ilə bağlı da məlumat verilir.

Bu da bildirlir ki, müsəlman hərəkatının liderlərindən Abbas Hüseynov və NİDA fəalı Bayram Məmmədova qarşı işgəncə şikayətləri də araşdırmasız qalıb.

Hesabatda deyilir ki, həbs edilmiş şəxslərin vəkillə görüşünə dərhal icazə verilməməsi Azərbaycanda geniş yayılmış praktikaya çevrilib.

Ölkədə müstəqil məhkəmə sisteminin olmaması mühakimələrin ədalətliyini təmin etmək imkanı vermir.

Hesabat ilində habelə Turan agentliyinin direktoru Mehman Əliyevin də qanunsuiz olaraq həbs edildiyi bildirilir.

Hesabatda deyilir ki, ümumilikdə Azərbaycanda 156 siyasi məhbusun olduğu məlumdur.

Bu da bildirilir ki, sosial mediada hökumətin, prezidentin və onun ailəsinin tənqidi çox vaxt qanunsuz həbs və ədalətsiz məhbusetmə ilə nəticələnir.

Belə həbs olunanlardan birinin də Elgiz Qəhrəman olduğu qeyd olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun