Altay Göyüşov: "Belə davam edərsə, Qərbin Azərbaycanda nüfuzu tamamilə sıradan çıxacaq"

Altay Göyüşov: "Belə davam edərsə, Qərbin Azərbaycanda nüfuzu tamamilə sıradan çıxacaq"
19 Aprel 2018
Mətni dəyiş

Amerika Birləşmiş Ştatları başqa olmaqla Qərbin Azərbaycandakı ictimai-siyasi gedişata münasibəti birmənalı qarşılanmır.

Tarixçi alim Altay Göyüşov bu mövzu ətrafında yaranmış vəziyyətə münasibət bildirərək "Meydan" TV-yə müsahibə verib.

- Altay bəy, sizin Azərbaycandakı siyasi durumla bağlı sosial şəbəkələrdəki çıxışlarınızda daha çox Qərbi ittiham tendensiyası sezilir. Demokratiyanın boğulmasında niyə hakimiyyəti, yaxud Rusiya və İran amilini deyil, Qərbi günahlandırırsınız?

- Mən ona görə ittiham edirəm ki, demokratiyanın, qanunun aliliyi, insan haqlarının adı Qərblə bağlıdır. Bu mənada Rusiya və İrandan necə diqqət gözləyə bilərəm? Uman yerdən küsərlər, özümüzü qərbyönlü hesab etdiyimiz üçün Avropanın adını çəkirik. Demokratiya, insan haqları və qanunun aliliyi dəyərlərinin Azərbaycanda tam oturuşmasına yalnız Qərb kömək edə bilər. Eyni zamanda, Azərbaycan hökumətinə bu məsələdə Qərb təsir edə bilər. Çünki hökumətin Qərblə əlaqələri həddən artıq dərindir və bir-birlərinə sözləri keçir. Ona görə də Qərbin Azərbaycan hakimiyyətinə təsir etmək üçün hər cür imkanı var. İkinci, həmin dəyərlər Rusiya və İranın deyil. Mövcud Rusiya və İran gözünüzün önündədir. Azərbaycanda qurulmasını istədiyimiz quruluş məhz Qərb dəyərlərindən irəli gəlir. Biz cəmiyyəti inkişafa aparan dəyərlərin Azərbaycanda da oturuşmasını, təşəkkül tapmasını istəyirik.

- Ancaq Avropa Birliyi və ABŞ azərbaycanlıların yerinə demokratik cəmiyyət qurmayacaq. Millət özü istəməli və mübarizə aparmalı deyilmi?

- Söhbət Qərbin Azərbaycan xalqının əvəzinə demokratik cəmiyyət qurmasından getmir. Məsələ demokratik prosesə, yoxsa oturuşmuş avtoritar rejimə verilən dəstəkdir. Əgər bunlar tərəziyə qoyularsa, Qərb məhz maraqları üçün daha çox avtoritar hakimiyyətə dəstək verməyi üstün tutur, nəinki demokratik hərəkata dərindən dəstək verməyi. Bəli, mən Qərbin maraqlarından imtina etməsini demirəm, amma nəzərə almalıdır ki, dəyərlərin qurban verilməsi sonda maraqlara da böyük ziyan vuracaq.

- Məgər, ATƏT-in müşahidə missiyasının 2003, 2013 və 11 aprel növbədənkənar prezident seçkiləri haqda rəylərinin sərt olduğunu düşünmürsünüzmü?

- Bəli, sərtdir, amma konkret situasiyada heç nəyə təsir etmir. 2003-cü ildə Qərbin bir bəyanatı Azərbaycanda demokratikləşməyə dəstək verib, prosesi normal istiqamətə yönəldə bilərdi. Yaxud 1998-ci ilin prezident və 2000-ci ilin parlament seçkilərinə gəlincə, Qərbin həmin illərdə Azərbaycanda nüfuzu və təsiri həddən artıq güclüydü. 2000-ci il parlament seçkilərində proporsional qayda olduğundan Müsavat Partiyası barajı aşmışdı, amma nə oldu, nəticəsi məlumdur. Onda istifadə etmək lazım idi. Məhz bu təsirlərdən o dövrdə istifadə etmədilər. Elə Avropa Şurası Azərbaycanda saxtalaşdırılan hər bir seçkiyə “demokratiyaya doğru bir addımdır” qiymətini verdi. Halbuki, hər bir seçki əvvəlkindən pis idi, bunu hamımız bilirik. Situasiya onunla nəticələndi ki, bu gün deyirlər: “Azərbaycanda oturuşmuş, konsolidasiya olunmuş ən pis avtoritar rejim var”. Ona görə seçkiyə necə qiymət verməsi seçkilərə təsir etmək gücündə deyil, çünki rejim həddən artıq oturuşmuş və güclüdür. Bilirsiniz, vaxtında deməliydilər ki, seçkilər bərbad keçirilib, yaxud səslərin 58 faizi pis sayılıb, nəinki “demokratiyaya doğru bir addımdır” qiyməti verilməliydi. Hazırda düşünmək lazımdır, bəyanatlar, söz keçmir, daha nə etmək olar?!

- Ancaq bir məqam da müxalifətin, cəmiyyətin konsolidasiyası ilə bağlıdır. Bəzi ekspertlər düşərgənin 2000-ci il parlament, yaxud 2003-cü il prezident seçkilərinə vahid şəkildə getməməsini və London görüşünün nəticəsiz bitməsini misal çəkib, “daha Qərb nə etsin” deyirlər. Siz bu yanaşmanın proseslərə mənfi təsirini qəbul etmirsinizmi?

- Razılaşmıram, çünki cəfəngiyyatdır. 2003-cü il seçkilərində müxalifətin güclü blokunu Müsavat Partiyası yaratmışdı və heç kimə də bu təşkilatın təsir imkanları sirr deyildi, onun alternativi yox idi. Mən müxalifətin səhvsiz olduğunu demirəm. Amma söhbət müxalifətdən getmir və 2005-ci il seçkilərində bütün müxalifət “Azadlıq” bloku şəklində parlament seçkilərinə qatıldı, bəs nə oldu?! Hazırda əksəriyyət Ermənistanda əhalinin küçələrə çıxıb Sarkisyana etiraz etməsindən danışır. Axı Azərbaycanda keçirilən 1998, 2000, 2003 və 2005-ci il seçkilərində millət meydanlara çıxırdı və etirazlar Ermənistandan daha güclü və mütəşəkkil idi. Hətta 2003-cü il seçkiləri kampaniyasında əhalinin etiraz aksiyalarına çıxışı 1 il sonra Gürcüstanda “Qızılgül inqilabı” zamanı olan aksiyalarından daha yaxşı təşkil olunmuşdu və adamların da sayı qat-qat çox idi. Əvvəlki illəri kənara qoyaq, 2010-cu ildən sonra nə qədər gənc demokratikləşmə tələbi ilə küçələrə çıxdı, repressiya kütləvi hal aldı. Amma Gürcüstan və Ermənistanda Azərbaycanda olan repressiyalar gerçəkləşməmişdi. Amma Qərbdən heç bir adekvat reaksiya olmadı.

- Qərbin adekvat reaksiya verməməsində geopolitik, təhlükəsizlik və neft amilləri rol oynaya bilərmi?

- Yalnız neft, təhlükəsizlik və geopolitik amillər deyil, rüşvət də var. Azərbaycan hökumətinin geniş imkanları olub və bunun vasitəsilə Qərb siyasətçisini, diplomatını, mediasını və hətta tədqiqatçısını da alıb “cibinə” qoymağı bacarıb. Amma mən qəti əminəm ki, Qərbin Azərbaycan hökuməti ilə münasibətlərində təsir imkanları daha çoxdur, nəinki rəsmi Bakının imkanları. Qərbdən asılı olan Azərbaycan hökuməti bilmir ki, onlarla münasibətlərini korlasa, Rusiya və İranın “caynağı”na keçəcək?! Yaxşı bilirlər. Bilirsiniz, bu ifadəmə görə üzr istəyirəm, Qərb Azərbaycandakı gedişata çox “tupoy” yanaşıb, təhlil aparan institutları situasiyanı qiymətləndirə bilməyiblər. Faktiki olaraq, həmin institutlar Qərb siyasətini formalaşdıran adamlara Azərbaycandakı situasiyanı çox səhv şəkildə təqdim ediblər, aldadıblar. Kimisi pul alıb aldadıb, məsələn, Fredrik Star, Brenda Şaffer, Suante Karnei kimi, başqaları isə bilmədiklərindən aldadıblar. Beləliklə, qiymətləndirmə səhv olduğundan indiki vəziyyət yaranıb. Nəticə odur ki, Azərbaycanda sekulyar müxalifət tamamilə sıradan çıxıb, amma narazılıq qalıb və bu narazılıq dindarların simasında meydana çıxıb. Bu proseslərin gedişi zamanı Qərbin Azərbaycandakı nüfuzu da sarsılıb. 2000-ci ildə Azərbaycanda Qərbə olan münasibət 2018-ci ildə olan münasibətlə eynidirmi? Əlbəttə, eyni deyil və bu, artıq Azərbaycan cəmiyyətinin mövqeyidir, özləri də bilir və yazırlar. Əgər belə davam edərsə, Qərbin Azərbaycanda nüfuzu tamamilə sıradan çıxacaq. Ola bilər, hadisələrə emosional yanaşırıq, ancaq repressiyalara, işgəncələrə, əziyyətlərə hədəf olan Azərbaycan cəmiyyətidir. Onlar heç bir əziyyət çəkmir və istədiklərinə nail olublar.

- Bütün hallarda ötən dövrdə kəskin tənqid etdiyimiz Avropa Şurasının “Kürü hesabatı”, yaxud Beynəlxalq Araşdırmaçı Jurnalistlər Birliyinin “Pulyuyan maşın” araşdırmaları da dərc olunub...

- Nəticəsi nə oldu? Korrupsiya ilə məşğul olanlar cəzalandırılırmı? Yaxud 11 aprel seçkiləri haqda italiyalı deputat Antonio Razzi və avstraliyalı deputatın qiymətləndirilməsini gördünüzmü? Razzi deyir ki, kaş İtaliyada da belə yüksək səviyyəli seçkilər keçirilərdi. İkincisi deyir ki, Azərbaycandakı demokratiyadan hətta Avstraliya da öyrənməlidir. Bunlar arxayın olmasalar, elə bəyanat verərlər? Axı havayı da demirlər. Məgər, Volonte, Aqramunt, Qrex, səfir Eskudero unudulubmu?! Bu qədər məsələ açıldı, bəs kim cəzalandırıldı ki, başqalarına da dərs olsun? Xeyr, cəzalandırılan olmadı. Açıq şəkildə göz yumurlar. Bəli, Qərb mətbuatı yazır. Həmin media 2003-cü ildə də yazmışdı. “The Washington Post”un 2004-cü ildə 1 il əvvəlki seçkilərlə bağlı “Bizim Bakıdakı adamımız” adlı məqaləsi var, nəticə odur ki, Klinton, Buş administrasiyası Əliyevlərlə əlaqədə oldular. Hətta Barak Obama da İlham Əliyevi dəvət edib görüşdü də, Tramp da məlumdur. Bu neçə ildə həmin yazılar Azərbaycan-ABŞ münasibətləri kontekstində ölkədə demokratikləşməyə kömək edib, yoxsa əskinə, vəziyyət pisləşib?

- O zaman sualı konkret qoyaq, Qərbin Azərbaycanda marağı maddidir, yoxsa təhlükəsizlik?

- Sözsüz ki, təhlükəsizlik, geopolitik maraqlar var. Amma bunlarla bərabər başqa şeylər də var, hökumətin lobbiçilik fəaliyyəti ilə başlamış verdikləri rüşvətlər. Üstəlik rüşvətləri alanlarla bərabər, ölkədəki situasiyanı bilməyənlərin siyasəti yürüdənlərə durum haqda qeyri-adekvat dəyərləndirmələr verməsidir. Problem sistemdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun