Seçki müşahidəçiliyinə hakimiyyətin münasibəti - Anar Məmmədli

Seçki müşahidəçiliyinə hakimiyyətin münasibəti - Anar Məmmədli
30 Mart 2018
Mətni dəyiş

Anar Məmmədli

MSK sədri Məzahir Pənahov son açıqlamasında bildirib ki, növbədənkənar prezident seçkisinin monitorinqi ilə bağlı indiyədək 545 beynəlxalq müşahidəçi, 53 min nəfərdən artıq yerli müşahidəçi qeydiyyatdan keçib. Yəqin ki, gələn həftə bu rəqəm daha da artacaq. Qeyd edim ki, MSK-da müşahidəçilərin qeydiyyatı üçün ərizələrin qəbulu aprelin 1-də, Dairə Seçki Komissiyalarında isə aprelin 6-da başa çatır. MSK-nın açıqladığı rəqəmlərə inanmaq olarmı? Bir şərtlə inanmaq olardı ki, MSK həmin 545 əcnəbinin təmsil etdiyi təşkilatların adlarını da açıqlasın. Məsələn, indiyədək ATƏT/DTİHB prezident seçkisi ilə bağlı 320 nəfərin, Avropa Şurası Parlament Assambleyası 43 nəfərin gələcəyini, ATƏT-in Parlament Assambleyası isə 16 nəfər müşahidəçinin gələcəyini bildirib. Beləliklə, Avropa Şurasına və ATƏT-ə üzv ölklərdən təxminən 380 nəfər gələcək. Digər müşahidəçilər də yəqin ki, MDB ölkələri, Türkiyə və bəzi Yaxın Şərq ölkələrindən olacaq. Sonuncu qrupa daxil olan ölkələrdən müşahidəçilərin sayı tezliklə artacaq. Çünki ATƏT və Avropadan olan müşahidəçilərin “səsini” ictimai rəydə eşidilməz etmək üçün qondarma təşkilatlardan beynəlxalq seçki turistlərinə, yəni “saxta müşahidəçilərə”ehtiyac var. Bəs 500-dən artqı xarici vətəndaş müşahidəçi kimi MSK-da necə qeydiyyatdan keçirlər? Seçki Məcəlləsinə görə müxtəlif hakimiyyət orqanları və QHT-lərin dəvəti ilə ölkəyə gələn müşahidəçilərin qeydiyyatı MSK-da aparılır. Yəni xarici müşahidəçi ölkəyə gəlmədən onun ərizəsi əsasında MSK qərar qəbul edir. Birqayda olaraq dəvəti göndərən təşkilat (XİN, Milli Məclis və ya AVCİYA kimi GONGO) ərizələrin doldurulması və həmin şəxslərin şəxsiyyəti təsdiq edən sənədlərinin surətləri əsasında MSK-dan müşahidəçi vəsiqələrini əldə edirlər. Bir sözlə distance (məsafədən) qeydiyyat həyata keçirilir. Bəs bu imtiyaz yerli müşahidəçilərə niyə münasibətdə uyğulanmır? Olmazmı ki, ölkə vətəndaşları MSK və DSK-ya gəlmədən məsafədən - onlayn müraciətlər göndərsinlər? Nədən Gəncədəki 4 seçki dairəsində müşahidə aparmaq istəyən müşahidəçi Bakıya gəlib MSK-da qeydiyyatdan keçmək üçün ərziə verməli və 3 gün gözləməlidir. Yeri gəlmişkən, bəzən vəsiqənin hazır olması həftələrlə uzanır. Gələk MSK sədrinin açıqladığı 53 mindən artıq yerli müşahidəçilərə. Onlar kimlərdir? Təcrübə göstərir ki, onların heç 10 faizi müstəqil və ya müxalif müşahidəçilər olmurlar. Böyük əksəriyyəti prezidentliyə namizədlər adından qeydiyyatdan keçirilmiş “müşahidəçilər” olurlar - müəllimlər, tələbələr, dövlət büdcəsindən maliyyələşən təşkilatların işçiləri. Onlar seçki günü məntəqələrdə “yaraşıq” üçün durur və gələnlərə hər şeyin yaxşı getdiyini bildirirlər. Müstəqil və müxalif müşahidəçi nəyəsə etiraz edəndə dərhal həmin şəxslərin səsini eşidlməz edirlər. Beləliklə, hakimiyyətin yaratdığı bütün bu bürokratik və siyasi əngəllərə rəğmən müşahidəçiliyə ehtiyac var. Əvvəla, seçki siyasi hakimiyyət orqanlarını 5 il, indiki halda 7 il müddətinə formalaşdıran siyasi prosesdir. Bu prosesin şəffaf və açıq olmasını müşahidəçilik olmadan təmin etmək olmaz. Hakimiyyət çalışır ki, proses qapalı olsun. Buna yol verməmək üçün prosesi işıqlandırmaq və aydınlatmaq lazımdır. Sabah AzTV-də və ya hansısa siyasi kuluarda kiminsə çıxıb həyasızcasına demokratik seçkidən danışmaması üçün seçkidə ictimai nəzarət önəmlidir. İkincisi, seçki milyonlarla vəsaitin xərcləndiyi bir prosesdir. Heç kimin haqqı yoxdur ki, ictimai vəsaitlər hesabına keçirilən seçkinin xarakterini və nəticələrini ictimaiyyətdən gizlətsin. Vətəndaşın maliyyəsi hesabına ərsəyə gələn seçki barədə hər kəsin məlumatlanmaq haqqı var. Total və ümummili səviyyəli müşahidəçilik seçki saxtakarlığını ya azaldır, ya da bundan çəkindirir. Amma bu imkan Azərbaycanda yalnız bir dəfə olub – 2003-cü ilin prezident seçkisi vaxtı. Həmin imkan, yəni seçkinin nəticələrini hüquqi müstəvidə mübahisələndirmək şansı 16 oktaybr günü başlayan repressiyalarla aradan qalxdı…

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun