Qəzada yaralanan şəxsi xəstəxanaya aparan təcili tibbi yardım avtomobili özü də qəzaya uğrayıb

Bu gün Tovuzun Düz Cırdaxan kəndində yol nəqliyyat qəzası baş verib.

Məlumata görə, “Daewo” markalı sərnişin avtobusu ilə minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb.

Hadisə yerinə gedən təcili tibbi yardım avtomobili isə qəzada xəsarət alan şəxsi xəstəxanaya aparan zaman Tovuz şəhərinin girəcəyində “VAZ 2106” markalı avtomobillə toqquşub.

Baş verən qəzalarda rayonun Düz Cırdaxan kəndinin sakinləri – 1954-cü il təvəllüdlü Məmmədov Aqşin Nurəddin oğlu və 1980-ci il təvəllüdlü Qəribov Seymur Sadəddin oğlu, o cümlədən 1961-ci il təvəllüdlü Abulbəyli kənd  sakini  Nağıyev Qüdrət Həsən oğlu xəsarət alıblar.

Hər 3 yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada yüngül xəsarət alan təcili tibbi yardım avtomobilinin sürücüsünə də ilkin tibbi yardım göstərilib.